2016-cı il dekabr ayının 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.
İclas zamanı tərəflər MHŞT İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi qərar və islahedici tədbirlər, MHŞT-nin Azərbaycanda təsirinin təhlili, 2015-ci il üzrə şirkətlər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin əhəmiyyətliliyinin yoxlanılması, kvazi-fiskal xərclər haqqında anlayışın müəyyən edilməsi və Benefesiar Sahiblik Məlumatlarının Açıqlanması üzrə Yol Xəritəsinin yekun layihəsini müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişlər.
İclasda eyni zamanda “Moore Stephens” şirkəti Azərbaycan Respublikası hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 2015-ci ili əhatə edən hesabatına dair rəyini ÇQ üzvlərinə təqdim etmişdir.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür.MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.