145 il əvvəl, 1875-ci il 22 iyul tarixində xalqımızın milli oyanışı, milli birliyinin möhkəmlənməsində, Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əvəzsiz rol oynamış Həsən bəy Zərdabinin səyi nəticəsində ərsəyə gəlmiş "Əkinçi" qəzeti ilk dəfə çap edilmiş və bununla da Azərbaycan mətbuatının əsası qoyulmuşdur.
Mili mətbuatımız 145 illik şərəfli, çətin sınaqlarla dolu, ləyaqətli və Zərdabi ənənələrinə layiq bir inkişaf yolu keçmişdir.
1998-ci ildə azad mətbuatın dostu, ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi müasir çağırışlara cavab verən ölkə mətbuatımızın inkişafı üçün ciddi təkan olmuşdur. Ötən dövr ərzində Azərbaycan mətbuatının inkişafı daim dövlətimizin, ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Bu gün jurnalistika dünyada prestijli və eləcə də riskli peşələrdən biri hesab olunur. Çağdaş mətbuatın həyatın bütün sferalarını əhatə edən informasiyaya çıxış, geniş ictimaiyyətə təsir imkanları danılmazdır. Bu gün dünyada baş verən hadisələr, bütün dünya üçün ən böyük problemlərdən birinə çevrilmiş COVİD-19 pandemiyası, onun yaratdığı qlobal risklər, qlobal maliyyə bazarlarında baş verən təlatümlər və onların ölkəmizə təsirləri, eyni zamanda son günlər cəbhədə baş vermiş hadisələr, ermənilərin Azərbaycana qarşı apardığı təcavüzkar siyasət barədə məlumatların vətəndaşlarımıza və beynəlxalq ictimaiyyətə düzgün və obyektiv şəkildə çatdırılmasında media nümayəndələri xüsusi rola malikdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu da öz növbəsində daim fəaliyyətini ictimaiyyətə açıq şəkildə qurmuş və media nümayəndələri ilə sıx və müsbət əməkdaşlıq edir. Fürsətdən istifadə edərək ARDNF-nin fəaliyyəti barədə məlumatların ictimaiyyətə düzgün və obyektiv şəkildə çatdırılmasında iştirak edən bütün jurnalistlərə öz təşəkkürümü bildirirəm.
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun kollektivi adından və şəxsən öz adımdan bütün mətbuat nümayəndələrinin peşə bayramlarını təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İsrafil Məmmədov
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru