Azərbaycan Respublikası Dövlət Neft Fondu 27 aprel tarixində ADA Universitetinin təşkilatçılığı ilə 11-ci dəfə keçirilən karyera sərgisində işəgötürən qurumlar sırasında iştirak edib. Sərgi zamanı Fondun fəaliyyəti və 2023-cü il üçün nəzərdə tutulan "Yay Təcrübə proqramı" haqqında geniş məlumat paylaşılıb.
Qeyd edək ki, bakalavr, magistr, MBA dərəcələri üzrə təhsilini 2022 və 2023-cü illərdə başa vuran bütün yeni məzunlar, eləcə də, yüksək akademik göstəricilərə malik ikinci kurs magistr və ya MBA dərəcələri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş sözügedən təcrübə proqramına iyun ayında start verilməsi planlaşdırılır. Proqramın davam edəcəyi 8 həftə ərzində təcrübəçilər, İnvestisiya, Risklərin idarəedilməsi, Neft kontraktları, İnsan resursları, Büdcə proqnozlaşdırma və layihələr, Mühasibat uçotu və hesabatı, İctimaiyyətlə əlaqələr, Daxili audit, Hesablaşmalar, Hüquq, İnformasiya texnologiyaları kimi fərqli departamentlərdə və İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsində real iş mühitində təcrübə və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə edəcəklər.
Karyera sərgisində ARDNF-nin ADA universitetində “səfir”i təyin olunmuş tələbələr də fəal şəkildə iştirak edərək Fondun fəaliyyəti və Yay təcrübə proqramı barədə digər tələbələrin məlumatlandırılmasına dəstək olublar.