Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndə heyəti 02 aprel 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən keçirilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə və ilk Karyera Sərgisində iştirak edib.
ADA Universitetində baş tutan sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunların tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb.
Tədbirin birinci hissəsində çıxış edən ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov qara qızılın insan kapitalına çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş xaricdə təhsil proqramlarının Fondun maliyyələşdirdiyi ən önəmli dövlət layihələri olduğunu bildirib. ARDNF tərəfindən insan kapitalının inkişafı ilə bağlı 3 dövlət proqramının, o cümlədən “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə”, “2019-2023-cü illər üzrə Ali təhsil sisteminin rəqabət qabiliyyətliyinin artırılması üzrə” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün” dövlət proqramlarının maliyyələşdirildiyini qeyd edən Rövşən Cavadov həmçinin əlavə edib ki, 2023-cü ilin sonuna qədər bu proqramların icrasına ümumilikdə 326,7 mln manat (288,1 mln ABŞ dolları) məbləğində vəsait yönəldilib və sözügedən dövlət proqramları öz töhfələrini verməkdədir.
Tədbirin ikinci hissəsində isə Dövlət Proqramı məzunları üçün ölkənin 30-a yaxın nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların iştirak etdiyi karyera sərgisi təşkil olunub. Sərgidə iştirak edən ARDNF-nin İnsan resursları departamentinin əməkdaşları məzunlara Fondda iş imkanları və hazırda mövcud olan müxtəlif vakansiyalar barədə ətraflı məlumat verib.