oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunda “Yay Təcrübə Proqramı”na start verilib

12 Jun 2025 13:23:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunda “Yay Təcrübə Proqramı”na start verilib

12 Jun 2025 13:23:00

11 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ənənəvi olaraq keçirilən “Yay Təcrübə Proqramı”nın rəsmi açılış mərasimi baş tutub. Fondun gələcək kadr potensialının gücləndirilməsi və gənc mütəxəssislərin hazırlığı baxımından mühüm əhəmiyyət daşıyan proqram çərçivəsində bu il 1800 müraciətçi arasından müxtəlif mərhələləri uğurla tamamlayan 22 tələbə iştirak hüququ əldə edib.

Tədbir çərçivəsində təcrübəçiləri salamlayan İnsan resursları departamentinin baş mütəxəssisi Rəna Xalikova proqramın məqsəd və vəzifələri, təcrübə müddətində nəzərdə tutulan fəaliyyətlər və gözləntilər barədə ətraflı məlumat verib.

Tədbirin açılışında çıxış edən İnsan resursları departamentinin direktor müavini Ayna Cahandarova ARDNF-də insan kapitalının inkişaf etdirilməsi strategiyası çərçivəsində “Yay Təcrübə Proqramı”nın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və tələbələrə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Risklərin idarəedilməsi departamentinin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev isə tələbələrə Fonddakı fəaliyyət müddətində qazandığı peşəkar təcrübələri və fərdi inkişafla bağlı tövsiyələrini bölüşüb.

Daha sonra Strateji kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi Elnarə Hüseynova ARDNF-nin tarixi inkişaf yolu, missiya və vəzifələri, həmçinin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. İnvestisiya departamentinin Səhmlər və alternativ investisiyalar şöbəsinin meneceri Nigar Əzizova isə ARDNF-nin investisiya fəaliyyəti, aktivlərin strateji bölgüsü və ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərinin investisiya portfelinə inteqrasiyası mövzusunda ətraflı təqdimatla çıxış edib.

Proqramın mentorları öz çıxışlarında təcrübəçilərə səkkiz həftə ərzində davamlı dəstək göstərəcəklərini ifadə edərək gənclərə uğurlar arzulayıblar.

Ötən ilin təcrübə proqramı iştirakçılarından biri olan və hazırda ARDNF-nin İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamentində Proqram təminatları üzrə inzibatçı vəzifəsində çalışan Mustafa Əhmədov proqramın onun peşəkar inkişafındakı rolundan danışaraq təcrübələrini tələbələrlə bölüşüb.

Qeyd edək ki, iki ay müddətində davam edəcək proqram çərçivəsində iştirakçılar ARDNF-nin İnvestisiya, İnvestisiyalarda əməliyyatlar, Risklərin idarəedilməsi, İnsan resursları, Mühasibat uçotu, Hüquq, İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar, həmçinin İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi kimi fərqli struktur bölmələrdə real iş mühitində iştirak edərək müvafiq sahələr üzrə praktiki vərdiş və bacarıqlar əldə edəcəklər.

Xəbərlərə abunə ol