27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Neft Fondunda tədbir təşkil olunub. Tədbirin əsas məqsədi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş soydaşlarımızın əziz xatirəsini ehtiramla yad etmək və müharibənin informasiya müstəvisində yaratdığı təsirlərə diqqət çəkmək olub.
Panel müzakirəsi formatında keçirilən tədbirdə “Müharibənin informasiya cəbhəsi: media, təbliğat və dezinformasiyanın təsiri” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Panelə Dövlət Neft Fondunun Strateji Kommunikasiya Şöbəsinin müdiri Ülviyyə Mehralıyeva moderatorluq edib. Qonaq spiker qismində çıxış edən hərbi ekspert, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, Əməkdar hərbi jurnalist İbrahim Rüstəmli informasiya cəbhəsində baş verən proseslər, media və təbliğatın rolu, eləcə də dezinformasiyanın təsirləri ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin sonunda çıxış edən Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov şəhidlərimizin əziz xatirəsinin xalqımız üçün daim uca tutulduğunu vurğulayaraq bildirib ki, bu gün əldə olunan uğurların təməlində onların fədakarlığı xüsusi yer tutur və bu xatirəni yaşatmaq hər birimizin mənəvi borcudur.