2025-ci ilin yekunları üzrə:
![]()
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatmışdır.
2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil etmişdir.
Büdcə gəlirləri:
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 292,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Büdcə xərcləri:
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.
ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə vermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olmuşdur.
ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirmişdir.
Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə etmişdir.
Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır.