Dekabrın 29-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması barədə qərarın qəbul edilməsinin 5 ili tamam olur. Bununla əlaqədar olaraq Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov başda olmaqla Fondun kollektivi Heydər Əliyevin məzarını ziyarət etmiş, görkəmli dövlət xadiminin ruhu qarşısında baş əyərək onun abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
Bundan sonra Dövlət Neft Fondunda iqtisadi mövzular üzrə ixtisaslaşan kütləvi informasiya vasitələri nümayəndələri, eləcə də beynəlxalq maliyyə qurumlarının və iqtisadiyyat təmayüllü qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün Fondun yaradılmasının 5 illiyinə dair təqdimat mərasimi keçirilmişdir.
Fondun İcraçı Direktoru cənab Samir Şərifov tədbir iştirakçılarına Fondun fəaliyyətə başladığı dövrdən bu günədək gördüyü işlər, gəlir və xərclərinin istiqamətləri, maliyyələşdirdiyi layihələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il sentyabrın 27-də təsdiq olunmuş Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya, onun qəbul edilməsini şərtləndirən amillər və strategiyanın təsdiq olunması ilə nəzərdə tutulan məqsədlər barədə ətraflı məlumat vermiş və auditoriyanın çoxsaylı suallarını cavablandırmışdır.