oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

«Əsrin müqaviləsi»nin 10 illiyinə həsr olunmuş təntənəli tədbirdə ARDNF-in neft gəlirlərinin səmərəli istifadəsində rolundan söz açılıb

21 Sep 2004 11:00:00

«Əsrin müqaviləsi»nin 10 illiyinə həsr olunmuş təntənəli tədbirdə ARDNF-in neft gəlirlərinin səmərəli istifadəsində rolundan söz açılıb

21 Sep 2004 11:00:00

2004-cü il sentyabrın 20-də Heydər Əliyev adına sarayda "Əsrin müqaviləsi"nin 10 illiyi ilə bağlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev 1994-cü il sentyarbın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin məşhur neft şirkətləri arasında imzalanmış müqavilə ilə əsası qoyulmuş neft strategiyasının əsas hissəsi olan məsələlərdən biri kimi neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə bölünməsi, ölkə iqtisadiyyatının inkişafında rol oynaması və gələcək nəsillər üçün əmanət kimi saxlanması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun çox şəffaf və açıq şəkildə fəaliyyət göstərdiyini vurğulayıb. Prezident qeyd edib ki, Fondda beynəlxalq audit keçirilir, onun gəlirləri və xərcləri barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verilir. Fondun vəsaitlərinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf edilməsi məsələsinə toxunan Prezident bildirib: «Təsadüfi deyil ki, Neft Fondundan ayrılan ilk ödəmələr ölkəmizdə ən çətin və ağır vəziyyətdə yaşayan qaçqın və köçkünlərimizin sosial problemlərinin həllinə yönəldilmişdir. Hazırda qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr, yeni şəhərciklər, xəstəxanalar, məktəblər və digər obyektlər məhz Neft Fondunun vəsaiti hesabına tikilir».

Tədbirdə şirkətləri Azərbaycanın neft və qaz hasilatı sahəsində fəaliyyət göstərən ölkələrin liderlərinin «Əsrin müqaviləsi»nin 10 illiyi münasibətilə Azərbaycan Prezidentinə ünvanladıqları məktublar da oxunub. Bir çox nüfuzlu ölkələrin rəhbərləri öz təbrik məktublarında Azərbaycanın «Əsrin müqaviləsi»nin imzalanmasından keçən 10 il ərzində neft gəlirlərinin səmərəli və şəffaf idarə olunması sahəsində mühüm işlər gördüyünü önə çəkiblər. Böyük Britaniyanın baş nazırı cənab Toni Bleyerin məktubunda onun Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə sadiq olmasını və ölkənin bu Təşəbbüsdə davamlı iştirakını alqışladığı bildirilir.
bp şirkətinin Prezidenti Lord Con Braun isə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda neftdən gələn gəlirlərin şəffaflığınını təmin olunmasının Azərbaycan vətəndaşlarına fayda gətirəcəyini vurğulayıb: «Mən inanıram ki, Sizin liderliyinizlə gəlirlərin şəffaflığının təmin olunması üzrə atılan addımlar və onların əhatəli, çoxşaxəli iqtisadiyyat yaradılması üçün istifadə olunması ölkənizin vətəndaşlarının bu mənfəətdən maksimum bəhrələnməsini təmin edəcəkdir».

Xəbərlərə abunə ol