Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, Fondun 2003-cü ildə maliyyə fəaliyyəti haqqında hesabatının auditorunun seçilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq, təkliflər sorğusu üsulu ilə açıq və rəqabətli müsabiqə proseduru keçirilmişdir. Müsabiqənin keçirilməsinə dair müvafiq elan verilmiş, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün nüfuzlu beynəlxalq auditor şirkətlərinə müsabiqədə iştiraka dair dəvətlər göndərilmişdir. Nəticədə, müsabiqədə Ernst ənd Yanq, Mur Stefens Azərbaycan və AGN MAK-Azərbaycan şirkətləri iştirak etmiş, KPMG, Deloyt ənd Tuş və Praysuoterhauskupers şirkətləri isə müxtəlif səbəblərdən müsabiqəyə qatılmamışlar.
Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və texniki təkliflərinin qiymətləndirilməsi nəticəsində Ernst ənd Yanq şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2003-cə ildə maliyyə fəaliyyəti haqqında hesabatının auditoru təyin edilmişdir.
İddiaçıların maliyyə təklifləri (ƏDV daxil olmaqla) aşağıdakı kimi olmuşdur:
Ernst ənd Yanq 133 881 620 manat;
Mur Stefens Azərbaycan 145 494 000 manat;
AGN MAK Azərbaycan 149 567 832 manat.