Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il oktyabrın 18-də ABŞ-ın “New York Times”, “Los Angeles Times” qəzetlərinin, “Bloomberg” informasiya agentliyinin və “Dow Jones/CNBC” telekanalinin müxbirlərinə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmiş və jurnalistlərin Fondun gəlirləri və onların səmərəli istifadəsinə dair suallarını cavablandırmışdır.
Prezidentin xarici jurnalistlərə müsahibəsindən Dövlət Neft Fondunun fəaliyyətinə və ölkədə həyata keçirilən iqtisadi islahatlara dair aşağıdakı hissəni İnternet səhifəmizin oxucularına təqdim edirik:
NEW YORK TIMES: Cənab Prezident, Sizə bir neçə sualımız var. İlk sualımız Neft Fondu ilə bağlıdır. Fondun fəaliyyətini necə dəyərləndirirsiniz, Fonda nə qədər gəlir daxil olmuşdur və bu gəlirlər hansı sahələr üzrə bölüşdürülür?
PREZİDENT: Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olmuşdur. Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir. Fond üzərində beynəlxalq audit həyata keçirilir və o, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları ilə yaxından əməkdaşlıq edir. Buna görə də belə hesab edirəm ki, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının gələcəkdə çoxşaxəli inkişafı üçün olduqca vacib rol oynayacaqdır. Neft və onun qiymətindən asılı olmamaq üçün Neft Fondunun vəsaitindən istifadə edərək, iqtisadiyyatın digər sahələrinin inkişafına kömək göstərməliyik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Böyük Britaniyanın hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmuşdur və bu təşəbbüsə regionda təkan verilməsi istiqamətində göstərdiyimiz fəaliyyət ABŞ və Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilmişdir. Son beş ildə Neft Fondunun açıq və şəffaf şəkildə idarə olunması sahəsində təcrübəmiz mövcuddur və hesab edirəm ki, bu işi uğurla həyata keçiririk.
NEW YORK TIMES: Neft Fondunda toplanmış gəlirləri necə xərcləmək fikrindəsiniz? Əsas investisiyalar hansı sahələrə yönəldiləcəkdir?
PREZİDENT: Deməliyəm ki, neftdən əldə olunan gəlirlərin sadəcə toplanması deyil, eyni zamanda bölüşdürülməsinin də şəffaflığının təmin edilməsi olduqca vacibdir. Neft Fondunun gəlirlərinin nə miqdarda və hansı sahələrə xərclənməsi barədə qərarın qəbul edilməsi səlahiyyəti parlamentə məxsusdur. Parlament Neft Fondunun gəlirlərinin necə istifadə edilməsi haqqında qərarı büdcəni müzakirə edən zaman qəbul edir. Şəxsən mən gəlirlərin tarazlı şəkildə bölüşdürülməsinin tərəfdarıyam. İlk növbədə, toplanmış gəlirlərin böyük bir hissəsinə toxunmamalı, gələcək nəsillər üçün strateji ehtiyat kimi saxlamalıyıq. Belə ki, neft yataqlarındakı ehtiyatlarımız tükəndiyi təqdirdə, bu gəlirlər bizə strateji vəsait kimi lazım olacaqdır. İkincisi, təbii ki, biz ölkənin bütün infrastrukturunu - yolları, elektrik stansiyalarını, su və qaz paylaşdırıcı sistemləri yeniləşdirməli, yeni xəstəxanalar, məktəblər və sair inşa etməliyik. Bu proses artıq başlamışdır. İndi ölkənin bütün yerlərində böyük tikinti və yeni infrastrukturun yaradılması işləri gedir. Bununla yanaşı, sosial siyasətimizi və həyat tərzinin daha yaxşı olmasını arzu edən insanların gözlədiklərini nəzərə alaraq, bu gəlirləri sosial sahəyə də yönəltməliyik. Mən əmək haqlarını, pensiyaları və digər mühüm sosial məsələləri nəzərdə tuturam. Prezident vəzifəsinə seçildiyimdən keçən iki il ərzində Azərbaycanda minimum əmək haqqının məbləği üç dəfə artırılmışdır. Eyni zamanda, son iki il ərzində əsas etibarilə regionlarda və böyük əksəriyyəti qeyri-neft sektorunda olmaqla, 300 min yeni iş yerinin açılmasına nail olmuşuq. Bu o deməkdir ki, neft gəlirlərindən müdrik şəkildə istifadə etmək strategiyamız hələ Bakı-Tbilisi-Ceyhan boru kəməri fəaliyyətə başlamamış ölkəyə və xalqa xeyir gətirir.
DOW JONES/CNBC: Dünən Azərbaycanın Neft Fondunda bizə bildirdilər ki, gələn il Fondun gəlirlərinin 1 milyard ABŞ dollarına çatması gözlənilir. Buna görə də sual vermək istərdim ki, gələn il üçün Neft Fondunun gəlirlərinin xərclənməsi ilə bağlı hər hansı konkret planınız varmı?
PREZİDENT: Bir neçə il bundan əvvəl dövlətimizin büdcəsi bir milyard dollar idi, gələn il isə bu məbləğ 4 milyard dollara yaxınlaşacaqdır. Yəqin məlumatınız vardır ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsidir. Cari ilin 9 ayı ərzində ümumi daxili məhsulun artımı təxminən 21 faiz olmuşdur və çox əhəmiyyətli bir haldır ki, ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-neft sektorunun payına düşür. 2005-ci ilin 9 ayı ərzində sənaye məhsulu istehsalının artımı 26 faiz olmuşdur. Öz növbəsində, əhalinin gəlirləri 27 faiz artmışdır. Büdcəmiz misli görünməmiş artıma malikdir. Belə ki, 2006-cı il üçün bu artım 67 faiz təşkil edəcəkdir. Bu zaman belə bir faktı da nəzərə almaq lazımdır ki, 2004-cü illə müqayisədə 2005-ci il dövlət büdcəsinin artımı 46 faiz olmuşdur. Başqa sözlə desək, biz gələnilki artıma sıfırdan deyil, əvvəlki ilə nisbətən əldə etdiyimiz böyük artımdan başlayaraq nail oluruq. Belə bir vəziyyətdə Neft Fondundan büdcəyə köçürmələr heç də həlledici rol oynamır. Bu köçürmələr bizə həyata keçirilməsi 2-3 il vaxt tələb edən layihələrin icrasına başlamaq üçün vacibdir. Biz yeni elektrik stansiyaları inşa etməliyik. Bilirik ki, bu işin görülməsi üçün bir və yaxud da iki il tələb olunacaqdır. Ona görə də vəsaiti indidən ayırırıq ki, qış mövsümündə enerji çatışmazlığı problemini iki il müddətinə tamamilə həll edək. Bakı şəhərinin su təchizatı sistemi inkişaf etdirilməlidir. İndi bu sahədə vəziyyət yaxşı deyil. Bu məqsədlə ölkənin şimal-qərb rayonlarından Bakı şəhərinə uzunluğu 300 kilometrdən çox olan su kəməri çəkmək fikrimiz vardır. Bu, olduqca böyük layihədir və buna görə də boru kəmərini 2-3 il müddətinə istismara vermək üçün bu gündən işə başlamalıyıq. Bütün bunlar vəsait tələb edir. Buna görə də fikirləşməliyik ki, Neft Fondundan nə qədər vəsait götürək ki, makroiqtisadi sabitlik pozulmasın. Çünki bildiyiniz kimi, xərclər çox olduqda inflyasiyanın baş verməsi təhlükəsi vardır. Bununla yanaşı, insanların gündəlik tələbatlarını da təmin etməliyik.
DOW JONES/CNBC: Deyə bilərsinizmi, hazırda Neft Fondundan nə qədər vəsait götürülə bilər? Bu qızıl orta xətt müəyyənləşdirilmişdirmi ki, Neft Fondundan hansı miqdarda vəsaitin götürülməsi makroiqtisadi sabitliyin pozulmamasına təminat verə bilər, yoxsa bu, hələ müəyyən edilməyib?
PREZİDENT: Hesab edirəm ki, bu məsələ üzərində işləmək lazımdır. Çünki bu, Azərbaycan üçün tamamilə yeni bir vəziyyətdir. Əvvəllər bizim daimi problemimiz maliyyə vəsaitini haradan əldə etmək və büdcəni necə artırmaq olmuşdur. İndi isə qarşımızda tamamilə başqa problem durur: maliyyə vəsaitindən necə istifadə edək ki, bu, inflyasiyaya səbəb olmasın. Buna görə də hökumət çox dəqiq işləməli və biz beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlığımızı davam etdirməliyik. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə çox səmərəli əməkdaşlığımız mövcuddur və bizim bu təşkilatların tövsiyələrinə, həmçinin Azərbaycan ilə oxşar vəziyyətdə olan dövlətlərin təcrübəsindən yararlanmağa ehtiyacımız vardır.
BLOOMBERG: Sənayenin hansı sahələrinə daha çox diqqət ayırmaq istəyirsiniz? Başqa sözlə, iqtisadiyyatda hökumətin əsas prioritetləri hansı sahələrdir: emal sənayesi, turizm və ya digərləri?
PREZİDENT: Əlbəttə, bizim prioritetlərimiz mövcuddur və onlardan biri kənd təsərrüfatının inkişafıdır. Azərbaycan əhalisinin 50 faizi kənd yerlərində yaşayır. Yaxşı potensialımız, torpağımız, iqlimimiz var. Demək olar ki, bütün kənd təsərrüfatı məhsullarını istehsal edirik. O cümlədən neft kimyası sənayesi prioritetlərimizdən biridir. Bu sahədə xammal ehtiyatlarımız mövcuddur və deməliyəm ki, neft kimyası sənayesi məhsullarının satılması hətta neft satışından daha sərfəlidir. Əlbəttə ki, infrastrukturun inkişafı, yolların inşa edilməsi də vacib bir məsələdir. Belə ki, bu, regionların inkişafına səbəb olacaqdır. Yollar olmadan turizmi və ya iqtisadiyyatın hər hansı başqa sahəsini inkişaf etdirmək mümkün deyildir. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Buna görə də şəxsən mən hökumətin yeni sənaye sahələrinin yaradılmasına birbaşa müdaxiləsinin tərəfdarı deyiləm. Biz bu işlər üçün özəl sektora kömək göstərməliyik. Əgər hökumətin üzərinə müəyyən maliyyə öhdəliyi götürməsinə ehtiyac olacaqsa, bunu edəcəyik. Lakin ölkənin qeyri-neft sahələri özəl sektor tərəfindən inkişaf etdirilməlidir və biz buna nail olmağa çalışırıq. Büdcəmizdə sahibkarlığın inkişafı üçün böyük miqdarda vəsait nəzərdə tutulmuşdur və bu vəsaiti müxtəlif şirkətlər arasında bölüşdürürük. İmtiyazlı əsaslarla kreditlər verilir, nəticədə yeni iş yerləri yaradılır. Bununla yanaşı, yuxarıda qeyd etdiyim sahələrin inkişafı da özəl sektor tərəfindən həyata keçiriləcəkdir. Hazırda Azərbaycanda özəlləşdirmə prosesi gedir və iqtisadiyyatı yenidən dövlət nəzarətinə qaytara bilmərik. Biz istiqamətlər müəyyənləşdirə və zəruri infrastruktur - yollar, elektrik stansiyaları və sair - təmin edə bilərik.
DOW JONES/CNBC: Rusiya və Qazaxıstandan olan ekspertlərin bir çoxu bildirir ki, onların ölkələrində dövlətin xüsusilə enerji sektoruna daha çox cəlb olunması prosesi gedir. Bu, bir çox səbəblərdən baş verir və əminəm ki, Sizin bu barədə məlumatınız vardır. Mənə maraqlıdır ki, belə bir proses Azərbaycanda da gedirmi? Soruşmaq istəyirəm ki, dövlət ilə neft şirkətləri arasında vaxtilə bağlanmış sazişlərlə əlaqədar hazırda mübahisələr ortaya çıxırmı və fikrinizcə, dövlətlə neft şirkətləri arasında münasibətlərdə hansısa dəyişikliyin edilməsi zərurəti varmı?
PREZİDENT: Azərbaycan adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə regionda aparıcı dövlətdir. Son on il ərzində Azərbaycana 25 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da böyük hissəsini xarici investisiyalar təşkil etmişdir. Bunun əsas səbəblərindən biri odur ki, biz xarici sərmayəçilərlə münasibətlərimizi qanun çərçivəsində, qarşılıqlı etimad və hörmət əsasında qurmuşuq. Bu günə qədər neft sektorunda imzalanmış sazişlərlə bağlı heç bir yeni danışıqlar aparılmamış və onlara dəyişikliklər edilməmişdir. Biz xarici sərmayəçilərin fəaliyyəti üçün tam təminat yaratmışıq və eyni zamanda, ölkəmiz üçün maksimum faydalı şərtlər müəyyənləşdirmişik. Hasilatın pay bölgüsünə dair xarici şirkətlərlə bağlanmış bütün sazişlər parlament tərəfindən təsdiq edildikdən sonra qanun qüvvəsinə malik olur və buna görə də bu sazişlərdə heç kim dəyişiklik apara bilməz. Hətta kimsə belə bir fikrə düşsə də, bunu etmək mümkün deyildir. Xarici şirkətlərlə etimad yaratmaq və yaxşı münasibətlər qurmaq üçün illər tələb olunur, lakin bir yanlış addım bütün bunları alt-üst edə bilər. Xoşbəxtlikdən, bu günə kimi belə bir yanlış addım atmamışıq və əminəm ki, bundan sonra da atmayacağıq, xarici tərəfdaşlarımız ilə yuxarıda qeyd etdiyim prinsiplər – qarşılıqlı etimad və qarşılıqlı hörmət əsasında əməkdaşlığı davam etdirəcəyik.