Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2005-ci il iyunun 21-də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı geniş müşavirə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülmüş tədbirlər müşavirədə əsas müzakirə mövzusu olmuşdur. Prezident İlham Əliyev öz çıxışında Neft Fondundan ilk vəsaitin məhz qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldildiyini vurğulamışdır.
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin məhz Neft Fondunun vəsaiti hesabına tikilldiyini vurğulayaq Neft Fondundan qaçqın və məcburi köçkünlərə ayrılacaq vəsaitin həcminin artırılacağını bəyan etmişdir.
Prezident eyni zamanda Neft Fondunun çox mühüm və şəffaf qurum olduğunu və Neft Fondunun fəaliyyətinin artıq yüksək səviyyədə tənzimləndiyini qeyd etmişdir: “Neft Fondunun əsas məqsədi vəsaiti şəffaf şəkildə saxlamaq, idarə etmək, artırmaq və lazım gələndə, Azərbaycanın qarşısında duran layihələrin həyata keçirilməsində ondan səmərəli istifadə etməkdir”.
Neft Fondunun İcraçı Direktoru cənab Samir Şərifov qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədilə Fonddan ayrılmış vəsaitlər barədə məruzə ilə çıxış etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına uyğun olaraq 2001-ci ildən başlayaraq indiyədək Dövlətqaçqınkomun və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun hesablarına Dövlət Neft Fondundan köçürülmüş vəsaitin ümumi həcminin 463 milyard manata bərabər olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Cənab Şərifov 2001-ci ildən indiyədək Neft Fondunun vəsaiti hesabına Azərbaycanın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün 6411 yaşayış evinin tikilərək qaçqın və məcburi köçkünlərin sərəncamına verildiyini, 2522 evin tikintisinin isə tamamlanma mərhələsində olduğunu qeyd etmişdir.
Neft Fondunun vəsaitləri hesabına qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və məskunlaşması tədbirlərinin maliyyələşdirilməsinin təmin edilməsi məqsədi ilə müvafiq xərclər “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, icmal dövlət büdcəsinə daxil edilir və ölkə parlamenti tərəfindən təsdiqləndikdən sonra, Fond tərəfindən hər il üzrə təsdiq olunmuş büdcə xərcləri çərçivəsində icra edilir.