2005-ci il mayın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov Norveç Kralliğının Dövlət katibi, Neft Sənayesi və Energetika nazirinin müavini Oluf Ulseti qəbul etmişdir. Görüş zamanı cənab Ulset Norveç hökumətinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən məmnun olduğunu bildirmiş və bundan sonra neftin satışından Azərbaycana daxil olan gəlirlərin daha da artacağını qeyd etmişdir.
Cənab Ulset Azərbaycan Respublikasının neft gəlirlərinin səmərəli istifadə olunmasında şəffaflığın təmin edilməsi məqsədilə Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmasını və Təşəbbüsün həyata keçirilməsində ilk hesabat mərhələsini uğurla başa çatdırmasını müsbət hal kimi qiymətləndirmişdir.
Cənab S. Şərifov MHŞT-nin həyata keçirilməsi üzrə Azərbaycanda hazırlanmış mexanizmin işlək bir mexanizm olduğunu qeyd etmiş və Təşəbbüsün tətbiqinin perspektivləri barədə fikirlərini Norveç rəsmisi ilə bölüşmüşdür. O, eyni zamanda martın 17-də Londonda keçirilən MHŞT üzrə 2-ci beynəlxalq Konfransda MHŞT-ə qoşulmuş ölkələrə Təşəbbüsü həyata keçirməkdə köməklik göstərmək və Təşəbbüsə yeni ölkələrin qoşulmasını təmin etmək məqsədilə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) yaradılmasının qərara alındığını və Azərbaycanın bu qrupa üzvlüyünün artıq təsdiq olunduğunu bildirmişdir. Cənab Şərifov Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq, bu qrupda MHŞT üzrə hökumət Komissiyasının sədri kimi Azərbaycanı təmsil edəcəyi barədə qonaqlara məlumat vermişdir.
Görüşdə ARDNF-in fəaliyyəti və neft gəlirlərinin istifadəsi ilə bağlı digər məsələlər də müzakirə olunmuşdur.
Görüşdə Norveç Krallığının Azərbaycandakı səfiri cənab Steynar Gil, eləcə də Norveçin Energetika Nazirliyinin və Statoil şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.