oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə növbəti mərhələnin hesabatlarına “Deloyt ənd Tuş” şirkəti rəy verəcək

23 May 2005 11:00:00

MHŞT üzrə növbəti mərhələnin hesabatlarına “Deloyt ənd Tuş” şirkəti rəy verəcək

23 May 2005 11:00:00
2005-ci il mayın 23-də Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir.
İclas zamanı içərisində audit şirkətlərinin təklifləri olan bağlı və möhürlü zərflər Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim olunmuşdur. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim Qrupunun üzvləri Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə 2004-cü il üzrə hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqə keçirmişlər.

Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, növbəti (ikinci) hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı xarici və yerli hasilat şirkətləri tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən 4 beynəlxalq miqyasda tanınmış, nüfuzlu auditor şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər bp şirkəti tərəfindən göndərilmişdir. Nəticədə, müsabiqədə "Deloyt ənd Tuş" və "Praysuoterhauskupers" şirkətləri iştirak etmiş, "Ernst ənd Yanq" və “Mur Stefens Azərbaycan” şirkəti isə müsabiqəyə qatılmamışlar.

Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və texniki təkliflər qiymətləndirilmiş və Seçim Qrupunun qərarına uyğun olaraq, "Deloyt ənd Tuş" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi müsabiqənin qalibi elan olunmuşdur.

Xəbərlərə abunə ol