oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Komissiya QHT Koalisiyasının açıqlamasını tələsik və həqiqətdən uzaq hesab edir

04 Apr 2005 11:00:00

MHŞT üzrə Komissiya QHT Koalisiyasının açıqlamasını tələsik və həqiqətdən uzaq hesab edir

04 Apr 2005 11:00:00

31 mart 2005-ci il tarixində qeyri-hökumət təşkilatlarının “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası “Deloyt ənd Tuş” şirkətinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hesabatına dair açıqlama vermişdir. Açıqlamada bildirilir ki, Koalisiya Şurası 25 mart tarixli iclasında “Deloyt ənd Tuş” şirkətinin təqdim etdiyi 30 iyun 2004-cü il tarixində bitən altı ay və 31 dekabr 2003-cü il üzrə Müstəqil Mühasiblərin Rəylərini təhlil edərək bu qənaətə gəlmişdir: “Auditor şirkətinin rəyləri yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə edir. Beləliklə Azərbaycanın neft-qaz ehtiyatlarının istismarından 2003-cü və 2004-cü (yarım ili) illərdə ölkəmizin əldə etdiyi gəlirlərin yalnız bir hissəsi haqqında məlumat açıqlanır (yəni ARDNŞ-nin fəaliyyəti əks etdirilmir). Bu isə MSŞT-nün prinsiplərini pozur və Azərbaycan ictimaiyyətini milli sərvətimiz olan neft-qaz ehtiyatlarımızın istismarından əldə olunan qazanclar barədə tam məlumatdan məhrum edir”. Koalisiya öz açıqlamasında auditor şirkətinin təqdim etdiyi Rəylərin bir sıra ciddi suallar doğurduğunu bildirir və bu sualları “həm bəzi səlist olmayan ifadələr, həm də rəqəmlərdəki bir sıra fərqlərlə” əlaqələndirir.

MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov Koalisiyanın verdiyi bu bəyanatla bağlı bildirmişdir: “Hesab edirəm ki, Koalisiyanın “Deloyt ənd Tuş” şirkətinin Rəyləri ilə bağlı açıqlaması həqiqəti əks etdirmir. Belə ki, MHŞT üzrə Komissiya, QHT Koalisiyası və eləcə də yerli və xarici şirkətlər arasında imzalanmış Memoranduma əsasən hesabatlar MHŞT üzrə Komissiya və həmin Memoranduma imza atmış neft və qaz hasilatı ilə məşğul olan 21 xarici və yerli şirkət (tam siyahı üçün bu linkə daxil olun) tərəfindən “Deloyt ənd Tuş” audit şirkətinə təqdim olunmuşdur. Bu şirkətlər arasında təkcə Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər deyil, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azgerneft, Şirvan Oil və Anşad Petrol Birgə müəssisələri də var. Neftin və qazın hasilatı ilə bağlı hökumətə ödənişlər barədə hesabatlar Memorandumla razılaşdırılmış hesabat formatına uyğun olaraq, adıçəkilən dörd şirkət tərəfindən təqdim olunub. Buna görə də audit şirkətinin Rəylərinin yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə etməsi barədə Koalisiya tərəfindən verilmiş bəyanat ən azı təəccüb doğurur”.

Cənab Şərifov hesab edir ki, “Deloyt ənd Tuş” şirkətinin hesabatları çox güman ki, QHT Koalisiyası tərəfindən yanlış başa düşülüb. “Sözügedən auditor Rəylərində verilmiş məlumatların MHŞT prinsiplərini pozmasından söhbət belə gedə bilməz. Hər hansı anlaşılmazlığın yaranması isə hesabatların qavranması prosesində təbii hesab oluna bilər.” Bununla belə, MHŞT üzrə Komissiyanın sədri bildirib ki, Memorandum tərəflərinə heç bir sual ünvanlamadan və Memorandumda nəzərdə tutulduğu kimi tərəflərlə heç bir müzakirə keçirmədən verilmiş belə bir bəyanat tələsik və həqiqətdən uzaq hesab olunmalıdır. O, eyni zamanda qeyd edib ki, audit Rəyləri və digər məqamlarla bağlı yanlış başa düşülmüş hər hansı məsələ Memorandum tərəflərinin birgə görüşləri vasitəsilə həllini tapmalıdır. “Memorandumda da məhz tərəflərin hər hansı problemi birgə çözməli olduğunu önə çəkən belə bir mexanizm nəzərdə tutulur”.

S. Şərifov Komissiya tərəfindən aprelin 6-da Memorandum tərəfləri arasında növbəti görüşün təşkil olunacağı barədə məlumat verərək qeyd etmişdir ki, Memorandumla təsdiq olunmuş mexanizmdə nəzərdə tutulduğu kimi, tərəflərin hesabatlarla bağlı sualları görüş zamanı cavablandırıla və bununla da QHT-lərin audit Rəylərini başa düşməkdə qarşılaşdığı problemlər aradan qaldırıla bilər.

Xəbərlərə abunə ol