2006-cı il dekabrın 7-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə (MHŞT) İdarə Heyətinin ilk iclası keçirimişdir. Azərbaycan hökumətini İdarə Heyətində təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.
İclasda İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilmiş, həmçinin MHŞT üzrə Katibliyin yerləşəcəyi məkanın müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparılmışdir. Məsələ ilə bağlı bir neçə təklifin müzakirəsindən sonra Norveç hökumətinin təşəbbüsü nəzərə alınmış və Katibliyin bu ölkənin paytaxtı Oslo şəhərində yerləşməsi barədə qərar qəbul edilmişdir.
Idarə Heyətinin üzvləri Şəffaflıq Təşəbbüsünə qoşulmuş ölkələrin Təşəbbüsün tətbiqi ilə bağlı üzərinə götürdükləri öhdəliklərin yerinə yetitirlməsi məsələsini də müzakirə etmişlər. Müzakirələr zamanı Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində dünya ölkələri arasında aparıcı rolu bir daha təsdiqlənmiş və Təşəbbüslə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələrin MHŞT-ni tətbiq edən dövlətlərin siyahısından xaric edilməsi təklif olunmuşdur.
İclasdan sonra BMT-nin Baş Katibi Kofi Annan MHŞT-nin İdarə Heyətinin sədrini qəbul etmişdir. Cənab Annan MHŞT-nin hasilat sənayesində şəffaflığın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirərək BMT-nin Təşəbbüsə bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd etmişdir.
Daha sonra isə İdarə Heyəti üzvlərinin ABŞ-nin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında Azərbaycan hökumətinin təmsilçisi tərəfindən bəyan edilmişdir ki, BMT-nin Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin Azərbaycan hökuməti tərəfindən irəli sürülməsi məsələsi nəzərdən keçiriləcəkdir. Bu bəyanat mətbuat konfransının digər iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və alqışlanmışdır.