2006-cı il oktyabrın 16-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 3-cü beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransda Azərbaycandan nümayəndə heyəti iştirak etmişdir. Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində fəaliyyətinə dair çıxış etmiş və ölkəmizin öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazır olduğunu bəyan etmişdir. Konfransda çıxış edən digər iştirakçılar Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiklərini bildirmişlər.
Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınmışdır.
Konfransın qərarına əsasən, İdarə Heyətinə 8 ölkənin üzvlüyü təsdiq olunmuşdur. Onlardan 5-i Şəffaflıq Təşəbbüsünü tətbiq edən ölkələr - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan Respublikası və Nigeriya, 3-ü isə Təşəbbüsü dəstəkləyən ölkələr- ABŞ, Böyük Britaniya və Almaniyadır. Bundan başqa, İdarə Heyətində beynəlxalq qeyri-hökumət təşkilatlarının, hasilat sənayesi şirkətlərinin və investisiya şirkətinin nümayəndələri də təmsil olunacaqlar.
Şəffaflıq Təşəbbüsünü beynəlxalq səviyyədə ilk olaraq həyata keçirən və Təşəbbüs üzrə neft gəlirlərinə dair artıq 4 hesabat açıqlamış Azərbaycanın İdarə Heyətinə üzv təsdiq olunması ölkənin Təşəbbüsün tətbiqində dünya ölkələri arasında aparıcı rolunu bir daha nümayiş etdirdi.