Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az İnternet ünvanında yerləşən və 2001-ci ildən bəri fəaliyyət göstərən səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilmişdir. Saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin Neft Fondu haqqında daha ətraflı məlumatlanmasına kömək etmək və Fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır. Saytın Fond haqqında bölməsində Neft Fondunun tarixi, fəlsəfəsi, formalaşması mənbələri, maliyyələşdirdiyi layihələr, maliyyə göstəriciləri, idarəetmə strukturu haqqında məlumatlar, Fondun maliyyə fəaliyyətində işlənən terminlərin izahlı lüğəti, Fond haqqında tez-tez verilən suallara cavablar, vakansiyalar haqqında məlumatlar və Fondla əlaqə yaratmaq üçün telefon nömrələri və elektron poçtunun ünvanı yerləşdirlib.
Hüquqi sənədlər bölümündə Fondun fəaliyyəti ilə bağlı Qanunlar, Fərmanlar və Sərəncamlar yer alıb. Saytdakı hesabatlar və statistika bölümündə isə Fondun fəaliyyətinə dair illik hesabatlar, Fondun gəlir və xərcləri barədə rüblük məlumatlar, Fondun mailyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit olunmuş hesabatları və Neft Fondunun büdcəsinə dair məlumatlar yerləşdirilib. Xəbərlər və elanlar bölməsində Fond fəaliyyətə başladığı vaxtdan bu günədək onun fəaliyyətinə, eləcə də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair məlumatlar, Neft Fondu haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazıların elektron variantı, eləcə də xəbərlərin arxivi yer alıb.
Saytda oxucuların saytdan istifadəsini və Fondun fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etməsini asanlaşdırmaq üçün bir çox yeniliklər nəzərdə tutulub. Onlardan biri də jurnalistlər üçün avto-sorğu bölməsinin yaradılmasıdır ki, bu da Neft Fondu ilə ictimaiyyət arasında daha sıx əlaqənin yaranmasına xidmət edəcək. Jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri burada yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara tez bir zamanda cavab ala biləcəklər. Bundan başqa saytda ayrıca yerləşdirilmiş şəkilli bölmədə Neft Fondunun maliyyələşdirdiyi iki mühüm layihə - qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirləri və Bakı-Tbilisi Ceyhan layihəsi barədə ətraflı məlumat verilib. Saytda xüsusi MHŞT bölümü də var ki, burada Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünə qoşulduğu vaxtdan bu sahədə göstərdiyi fəaliyyətə və qazandığı uğurlara dair məlumatları, həmçinin Azərbaycan hökumətinin açıqladığı MHŞT üzrə hesabatları və auditor şirkətinin rəylərini oxumaq mümkündür.
Saytda verilmiş Neft Fondunun vəsaitlərinin yerləşdirildiyi valyutaların, eləcə də Azərbaycan manatının məzənnəsi, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti də oxucuların məlumatlanması üçün nəzərdə tutulub. Bu qiymətlər hər gün səhər saat 11-dək yenilənir və arxivləşdirilir.