İyunun 6-da Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2006” XIII beynəlxalq sərgi və konfransı öz işinə başlamışdır.
Sərgi-konfransın açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz nitqində Azərbaycanın enerji resuslarından Azərbaycan xalqnın sülh və rifah şəraitində yaşamasını təmin etmək üçün istifadə ediləcəyini vurğulayaraq ölkənin büdcəsinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun imkanlarının ildən-ilə artdığını bildirib: “Son üç il ərzində büdcəmiz, bəlkə də, üç dəfə artmışdır və gələcəkdə də artacaqdır. Neft Fondunun fəaliyyətindən Azərbaycan xalqı çox böyük fayda görəcəkdir.”
Konfransın iyunun 7-də keçirilən iclasında “Beynəlxalq əməkdaşlıq və sərmayə qoyuluşu vasitəsilə davamlı inkişaf” mövzusunda əsas məruzə ilə çıxış edən Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Fondun makqroiqtisadi sabitliyin qorunması üçün mühüm stabilizasiya rolunu oynadığını qeyd edib: “Neft Fondu iqtisadiyyata sürətlə axan valyuta kütləsinin negativ təsirini neytrallaşdırmaqla ölkədə makroitisadi tarazlığın saxlanmasına zəmin yaradır.” O, bildirib ki, Neft Fondunun məqsədi həmçinin neft-qaz sərvətlərinin tükənə biləcəyini nəzərə alaraq onların gələcək nəsillər üçün saxlanmasını, ölkə üçün daimi gəlir mənbəsinə çevrilməsini, Azərbaycan xalqının bütün nəsillərinin bu sərvətlərdən yararlanmasını təmin etməkdir.
Şahmar Mövsümov Neft Fondunun maliyyələşdirdiyi mühüm layihələr – Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının və qaçqın və məcburi köçkünlərin sosial-məisət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi - haqqında konfrans iştirakçılarına məlumat vermiş və Neft Fondunun 2006-cı ildən başlayaraq “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” və “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihələrinə də maliyyə vəsaiti ayıracağını qeyd etmişdir. O, bundan başqa, Neft Fondundan hər il investisiya layihələrinin və sosial proqramların maliyyələşdirilməsi üçün dövlət büdcəsinə transfertlər edildiyini və yeni yaradılmış İnvestistisya Şirkətinin Nizamnamə kapitalının Neft Fondunun vəsaiti hesabına formalaşacağını bildirib.
Konfransda sənaye və energetika naziri Natiq Əliyev ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezer, BP Azərbaycan şirkətinin Prezidenti Devid Vudvord, bir sıra xarici neft şirkətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, Qazaxıstan və Türkiyənin müxtəlif nazirliklərinin nümayəndələri çıxış etmişlər.