2006-cı il aprelin 5-də Bakıda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun toplantısı keçirilmişdir. Toplantının açılış mərasimində ABŞ, Böyük Britaniya, Fransa və Norveçin Azərbaycandakı səfirləri çıxış etmiş, Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdiklərini bildirmişlər. ABŞ-ın Azərbaycandakı səfiri cənab Reno Harniş Azərbaycanı Şəffaflıq Təşəbbüsünün tətbiqi üzrə dünyada “lider ölkə” adlandırmışdır. Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Lori Bristou təmsil etdiyi hökumətin bəyan etmiş olduğu Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakını təqdirəlayiq hal hesab etdiyini bildirib.
Açılış mərasimindən sonra BMQ-nin toplantısı qrupun rəhbəri cənab Piter Aygenin sədrliyilə öz işinə başlamış və iclasda MHŞT-nin müxtəlif ölkələrdə tətbiqinin hazırkı vəziyyəti və bu Təşəbbüsün həyata keçirilməsilə bağlı qrupun gələcək fəaliyyəti müzakirə olunmuşdur.
Görüş iştirakçıları 2006-cı ilin oktyabrında Norveçin paytaxtı Osloda keçirilməsi planlaşdırırlan MHŞT üzrə 3-cü beynəlxalq konfransa hazırlıq işləri barədə də müzakirə aparmışlar. Toplantıda ABŞ hökumətinin, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Fransa və Norveç Xarici İşlər Nazirliklərinin, Nigeriyanın Minerallar Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BP, Şevron, Petrobras, Anqlo Amerikan şirkətlərinin, habelə Global Witness və Açıq Cəmiyyət İnstitutu kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
2006-cı il aprelin 6-da isə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü: pilot ölkələrin təcrübəsi” mövzusunda konfrans keçirilmişdir. 2 paneldən ibarət olan konfransa MHŞT üzrə hökumət Komissiyasının sədri, ARDNF-in İcraçı Direktoru cənab Samir Şərifov sədrlik etmişdir. O, konfransın MHŞT-nin dünyanın mineral ehtiyatlarla zəngin ölkələrində qəbul edilərək həyata keçirilməsi məsələlərinə yardım göstərmək məqsədilə təşkil olunduğunu bildirib. Komissiya sədri “MHŞT-nin həyata keçirilməsində pilot təcrübə: Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış etmiş (bax: təqdimat) və Azərbaycanda MHŞT-nin tətbiqinə dair proseslər barədə məlumat verərək ölkə hökumətinin artıq Şəffaflıq Təşəbbüsü üzrə 3 hesabat açıqladığını, 4-cü hesabatın isə hazırlanmaq mərhələsində olduğunu qeyd etmişdir.