oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şəffaflıq Təşəbbüsü beynəlxalq standarta çevrilir

17 Apr 2007 02:30:00

Şəffaflıq Təşəbbüsü beynəlxalq standarta çevrilir

17 Apr 2007 02:30:00

Təşəbbüs üzrə İdarə Heyətinin iclasında Azərbaycan tərəfindən irəli sürülmüş BMT-nin Qətnamə layihəsi müzakirə olunub.

2007-ci il aprelin 11-də Almaniyanın paytaxtı Berlin şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin 2-ci iclası keçirilib. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.

İdarə Heyətinin üzvləri iclasda Şəffaflıq Təşəbbüsünün tətbiqinin dünyada yayılması prosesinin sürətləndiyini qeyd etmiş və Təşəbbüsün artıq beynəlxalq səviyyədə qəbul olunan standarta çevrilməsi istiqamətində aparılmış işlərin nəticələrini müzakirə etmişlər. İclasda Şəffaflıq Təşəbbüsünə qoşulmuş ölkələrin Təşəbbüsün tətbiqində nail olduqları proqresin qiymətləndirilməsi müzakirə edildikdən sonra İdarə Heyətinin cari ilin sentyabr ayında Oslo şəhərində keçiriləcək növbəti toplantısına kimi müəyyən meyarlar üzrə irəliləyiş nümayiş etdirməyən ölkələrin MHŞT-ni tətbiq edən ölkələr siyahısından çıxarılması barədə qərar qəbul olunmuşdur.

Ş.Mövsümov iclas iştirakçılarına Azərbaycan tərəfindən BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulan, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsini təqdim etmişdir. İdarə Heyətinin üzvləri layihə sənədini müzakirə edərək Azərbaycanın bu təşəbbüsünü bir daha alqışlamışlar.

Qeyd edək ki, İdarə Heyətinin 2006-cı il dekabrın 7-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında keçirilən ilk iclasında Ş.Mövsümov BMT-nin Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin Azərbaycan hökuməti tərəfindən irəli sürülməsi məsələsinin nəzərdən keçiriləcəyini bildirmişdi.


Xəbərlərə abunə ol