2007-ci il mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, altıncı hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı şirkətlər tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu auditor şirkətinə (Deloitte, PriceWaterHouseCoopers, Ernst & Young, Moore Stephens və KPMG) müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.
"Mur Stefens" şirkəti 1907-ci ildə Londonda yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən "Moore Stephens International" dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkəsidir.