Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) portfelin idarə olunması/portfel mühasibat sistemi və baş mühasibat kitabı (mühasibat sistemi) üçün proqram təminatı üzrə xidmətlərin satınalması məqsədilə 2007-ci il yanvarın 14-də elan etdiyi iki tender başa çatmışdır. Hər iki tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilib. Tenderlərin qalibi Thomson Financial Limited şirkətidir.
Qeyd olunan sahələr üzrə proqram təminatı infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı qərarın verilməsinin səbəbi Fondun əməliyyat miqyasının genişlənməsi və genişlənən sistemlərə, proseslərin avtomatlaşdırılmasına, mövcud investisiyaların idarə edilməsi və monitorinqinin həyata keçirilməsinə ehtiyacın artmasıdır.
Yerli və beynəlxalq mətbuatda dərc olunmuş tender elanları ilə yanaşı, maliyyə təşkilatlarına texnoloji, portfelin idarə olunması və prosessinq üzrə proqram təminatı xidmətləri göstərən tanınmış beynəlxalq səviyyəli şirkətlərə tenderlərdə iştiraka dair dəvətlər göndərilmişdir.
ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən Neft Fondunun İnstitusional Quruculuğunun Təkmilləşdirilməsi layihəsini həyata keçirən Overture Financial Services şirkəti tender prosesində ARDNF-ə məsləhət xidməti göstərmişdir.
Fonda portfelin idarə olunması/portfel mühasibat sistemi üzrə proqram təminatı xidmətlərinin göstərilməsinə dair 8, baş mühasibat kitabı (mühasibat sistemi) üzrə qeyd olunan xidmətlərin göstərilməsi üçün isə 9 təklif təqdim olunmuşdur. Tender komissiyası tender təkliflərini qiymətləndirərkən 9 texniki və maliyyə meyarını nəzərə almışdır.
Hər iki sistem üzrə proqram təminatının tətbiqinə ARDNF və Thomson Financial Limited şirkəti arasında müqavilənin bağlanmasından sonra başlanılacaq. Bu prosesin 9 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Qeyd: Thomson Financial Limited maliyyə təşkilatları üçün investisiyaların idarə olunması, bank xəzinəsi üçün proqram təminatı və texnoloji məsələlər üzrə xidmət göstərən dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət hüquq, vergi, mühasibat, maliyyə xidmətləri, ali təhsil, normativ-texniki məlumatlar, korporativ treninq və qiymətləndirmə, elmi araşdırma və səhiyyə sahəsi üzrə 20 milyondan çox istifadəçini əlavə dəyərli məlumatlarla və proqram təminatı vasitələrilə təchiz edən Thomson Korporasiyasının bir hissəsidir. 8,7 milyard ABŞ dolları həcmində illik gəlirə malik olan Thomson Korporasiyasının səhmləri Nyu-York və Toronto fond birjalarında qeydiyyatdadır.