2007-ci il iyunun 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası kecirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasizadənin sədrliyi ilə kecirilən iclasda Fondun 2006-cı ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2006-cı il büdcəsinin icrası, Fondun 2007-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır. Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2006-cı ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2006-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Ernst ənd Yanq şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2006-cı il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Müşahidə Şurası təqdim olunmuş Fondun 2007-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.
İclasda, Neft Fondunun icraçı direktorunun təqdimatına uyğun olaraq Fondun uçot siyasətində və mühasibat uçotu qaydalarında dəyişikliklərə dair qərar qəbul edilmişdir.
Baş Nazir A.Rasi-zadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.