oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru Los Ancelesdə Fondun fəaliyyətinə həsr olunmuş tədbirdə iştirak etmişdir

02 May 2008 11:00:00

Neft Fondunun İcraçı Direktoru Los Ancelesdə Fondun fəaliyyətinə həsr olunmuş tədbirdə iştirak etmişdir

02 May 2008 11:00:00

Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu və Los Anceles Ticarət Palatası tərəfindən 1 may 2008-ci il tarixində təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov və Şevron Neft şirkətinin Avrasiya üzrə məsləhətçisi Karl Kotrel çıxış etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən Baş konsul Elin Süleymanov tədbir iştirakçılarını salamlamış və Azərbaycanın inkişaf edən iqtisadiyyatındakı son nailiyyətləri barədə söhbət etmişdir.

Şahmar Mövsümov öz çıxışında Dövlət Neft Fondunun fəaliyyəti haqqında danışmış, Fondun investisiyaları və büdcəsinin artım tempi barədə iştirakçılara məlumat vermişdir. İcraçı Direktor Dövlət Neft Fondunun sürətlə inkişaf etdiyini qeyd edərək, təmsil etdiyi qurumun hüquqi bazası haqqında iştirakçıları maraqlandıran məqamları işıqlandırmışdır. Ş.Mövsümov Dövlət Neft Fondunun Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasında xüsusi rol oynayacağını bildirmişdir.

Tədbirdə çıxış edən Şevron şirkətinin nümayəndəsi Karl Kotrel, Şevronun regiondakı əməliyyatları, Azərbaycana olan marağı və bu şirkətin perspektivindən Azərbaycanın regional əhəmiyyəti barədə danışmışdır. Bakı - Tbilisi - Ceyhan neft boru və Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərinin tək Azərbaycan üçün deyil həmçinin bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Tədbirdə həmçinin ABŞ - Azərbaycan Ticarət Palatasının İcraçı Direktoru Mahir İskəndər, Los Anceles Konsulluq korpusunun nümayəndələri, Beverli Hils şəhər şurasının üzvü Cimmi Delşad, Kaliforniyanın Dövlət Müfəttişi Con Çyan, aparıcı maliyyə şirkətlərin rəhbərləri və təmsilçiləri, yəhudi icmasının nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, AR Dövlət Neft Fondunun İcraçı Direktoru Ş.Mövsümov Los Ancelesdə 28 - 30 aprel tarixlərində Milken İnstitutu tərəfindən təşkil olunmuş Qlobal Konfransda çıxış etmək üçün həmin İnstitut tərəfindən dəvət edilmişdir. Qlobal Konfransda ABŞ və dünyanın bir çox nüfuzlu şirkətləri iştirak edirlər. Konfransda Kaliforniyanın Qubernatoru A.Şvarseneqqer, Nobel Mükafatı laureatları Qəri Beker, Edmund Felps, Mayron Şols, Maykl Spens, Məhəmməd Yunus, ABŞ-ın enerji, nəqliyyat və sair sahələri təmsil edən dövlət rəsmiləri, nəhəng İnvestisiya Fondları və Bankların nümayəndələri də iştirak etmişlər.

Xəbərlərə abunə ol