(2008-ci ildə gəlir və xərclər barədə audit olunmamış maliyyə hesabatları əsasında hazırlanmışdır)
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2008-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 11 864,7 milyon manat, büdcə xərcləri isə 4 291,8 milyon manat təşkil etmişdir. Fondun 2008-ci il büdcəsinin gəlir hissəsi 117%, xərc hissəsi isə 98% yerinə yetirilmişdir.
2008-ci il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 633,5 milyon manat, o cümlədən mənfəət neftinin satışından 11 527,0 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat, bonus ödənişlərindən 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 97,2 milyon manat, tranzit haqqı 0,2 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 231,2 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 145,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 120,6 milyon manat və 211,8 milyon manat vəsait ayrılmışdır. 3 800,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmiş, 5,3 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 2,3 milyon manat vəsait ayrılmışdır. 2008-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 6,8 milyon manat olmuşdur.
Fond 26,0 milyon manat məbləğində mənfəət vergisi və digər vergilər ödəmişdir. Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri 652,6 milyon manat təşkil etmişdir.
2008-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə orta çəkili gəlirlilik (valyuta məzənnələrini nəzərə almadan) 3.79% təşkil etmişdir.
2009-cu il yanvarın 1-ə Fondun aktivləri 2008-ci ilin əvvəlinə nisbətən 4,3 dəfə artaraq 8 986,7 mln. manata (11 219,2 milyon ABŞ dolları) bərabər olmuşdur.