oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft gəlirlərindən səmərəli və şəffaf istifadənin optimal yolu - Süleyman İsmayılbəyli

22 Jul 2019 14:09:00

Neft gəlirlərindən səmərəli və şəffaf istifadənin optimal yolu - Süleyman İsmayılbəyli

ARDNF-in 20 illik uğurlu fəaliyyətinin timsalında

Neft, eləcə də digər təbii sərvətlərin heç də bütün xalqlara xoşbəxtlik gətirmədiyi nahaq yerə deyilməyib. Hansı ölkə malik olduğu ehtiyatlar, yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə edib, o ölkə öz inkişaf yoluna qədəm qoyub, tərəqqi əldə edib. Əks mövqedə dayanıb, xalqa və dövlətə məxsus olan təbii sərvətlərin şəxsi maraqlar naminə istifadə edildiyi ölkələrdə isə bunun əksin müşahidə edilib. İnkişaf, tərəqqi əvəzinə xaos, anarxiya hökm sürüb. Günümüzdə də bunu bir sıra ölkələrdə aydın şəkildə görə bilərik.

Müstəqil Azərbaycanın inkişafına təsir edən başlıca faktor

Tarixən Azərbaycan da zəngin yeraltı və yerüstü sərvətlərə malik dövlət olub və ölkəmizin bu günkü inkişafının təməlində məhz bu amil dayanır desək yanılmarıq. Düzdür, 70 ildən artıq müddətdə Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu üçün bizim təbii sərvətlərimizdən müştərək şəkildə istifadə olunub, ona Moskva tərəfindən nəzarət olunub. Azərbaycan malik olduğu təbii sərvətlərdən müstəqil şəkildə istifadə etmək hüququndan məhrum edilib. Ancaq zaman keçdikcə dəyişən qlobal və regional proseslər fonunda SSRİ-nin dağılması keçmiş ittifaq ölkələrinin suverenliyini elan etməsi ilə paralel olaraq, onlara öz təbii sərvətlərindən müstəqil şəkildə istifadə etmək imkanı da qazandırdı. Təbii ki, Azərbaycan da artıq öz təbii sərvətlərindən, neft və qazdan müstəqil şəkildə istifadə etməyə başlayırdı. Düzdür, bu istiqamətdə hələ Sovetlərin zamanında, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə müəyyən addımlar atılırdı. Lakin Bakıda atılan addımlar, heç də mərkəzin xoşuna getmədiyindən, zaman-zaman bu proseslərə əngəl olmağa çalışılırdı. Ancaq Azərbaycan tarixində ikinci dəfə öz müstəqiliyini əldə etdikdən sonra situasiya tamamilə müsbət istiqamətə doğru dəyişməyə başladı. Daha doğrusu ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra.

Müstəqil Azərbaycanın inkişaf etməsi, güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayan Heydər Əliyev dövlət başçısı kimi ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması, onun uğurla həyata keçirilməsi istiqamətində çalışırdı. Lakin Azərbaycanın məhdud maliyyə imkanları o dövr üçün qarşıya qoyulan hədəflərin gerçəkləşməsini mümkünsüz edirdi. Ona görə də ümummilli lider bu məsələdə milli maraqlarımızın təmin olunması müqabilində Qərb şirkətləri ilə birgə əməkdaşlığa üstünlük verirdi. Çünki 1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyətinin bu istiqamətdə hazırladığı layihə iqtisadi və siyasi baxımdan Azərbaycanın maraqlarına cavab vermirdi. Ona görə də Heydər Əliyev bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməli oldu. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi Qərb şirkətləri ilə yeni layihə ətrafında aparılan danışıqların sürətlənməsi və istənilən nəticənin əldə edilməsinə imkan yaratdı. İlham Əliyev keçirdiyi çoxsaylı görüşlər, apardığı müzakirələrlə Qərb şirkətlərində milyardlarla dollar sərmayənin mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycana yatırmaq qorxusunu aradan qaldırmış oldu. Nəticə etibarilə, 1994-cü il, sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Azərbaycan MDB məkanında Qərbin qabaqcıl neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu.

Neft gəlirlərindən səmərəli idarə etmək mexanizmi

Artıq Azərbaycan tarixinin yeni bir dövrünə, inkişaf, tərəqqi mərhələsinə qədəm qoymaqda idi. İndi qarşıda duran əsas hədəf “Əsrin müqaviləsi”ndən sonra neftdən gələn gəlirlərdən səmərəli istifadə idi. Bu məqama diqqət çəkən ümummilli lider hər zaman bəyan edirdi ki, neft tükənən sərvətdir və bu sərvət Azərbaycanın bütün nəsilləri arasında ədalətli şəkildə bölünməlidir. Məhz bu prinsipi əsas tutan Heydər Əliyev 1999-cu il, fevral ayının 29-da Dövlət Neft Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Dövlət Neft Fondunun yaradılması neft sazişlərinin həyata keçirilməsi ilə əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsinə hesablanmışdı. Həmçinin, Dövlət Neft Fondunun yaradılması ilə şəfafflığın təmin olunması da ön plana çəkilirdi. Belə ki, neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa, əyintilərə səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəfaflığın tam təmin edilməsi başlıca prioritetlərdən idi.

Dövlət Neft Fondunun fəaliyyətinin başlıca istiqamətlərinə isə ölkə iqtisadiyyatının inkişafına təkan vermək, strateji əhəmiyyət kəsb edən enerji layihələrini, eyni zamanda mühüm sosial layihələri maliyyələşdirmək daxil idi. Bununla yanaşı neftdən əldə edilən gəlirləri indiki və gələcək nəsillər üçün qoruyub-saxlamaq, artırmaq da Fondun fəaliyyət istiqamətləri sırasında idi.

ARDNF-in Azərbaycanın ən ağrılı probleminin həllinə faydası

Dövlət Neft Fondundan ilk vəsaitin Azərbaycanın ən ağrılı problemi, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildməsi bu qurumun qarşısına qoyduğu məqsəd və vəzifələrə uyğun şəkildə fəaliyyət göstərdiyini təsdiqləyirdi. Beləliklə, Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondundan ilk maliyyə vəsaiti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, çadır düşərgələrinin ləğv edilməsinə yönəldildi və 2001-ci ildən etibarən Fond qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Abşeron rayonu habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Son statistik məlumata görə, qeyd edilən layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan ümumilikdə 2,322.4 milyon manat, o cümlədən cari ilin 1-ci rübü ərzində 19.7 milyon manat vəsait ayrılıb.

Ümumilikdə ötən illər ərzində həyata keçirilən layihələr çərçivəsində 71 qəsəbə, 230 bina, 33781 fərdi ev, 65 inzibati bina, 77 məktəb, 62 uşaq bağçası, 5 xəstəxana, 19 tibb məntəqəsi tikilib istifadəyə verilib.

ARDNF-in dəstəklədiyi çoxsaylı layihələr

Ölkənin dinamik sosial-iqtisadi inkişafına təkan verən neft strategiyası 2003-cü il, oktyabr ayından Heydər Əliyev siyasi kursunun layiqli davamçısı-Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilir. İlham Əliyevin 2003-cü il, noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı da neft gəlirlərindən yeni dövrdə düzgün və səmərəli istifadənin təsdiqi idi. Dövlət Neft Fondundan ayrılan vəsaitin şəfafflığını qorumaq məqsədilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlərin görülməsi kimi mühüm məsələlər fərmanda əksini tapırdı. Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, İlham Əliyevin 27 sentyabr, 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya”nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Dövlət Neft Fondunun maliyyələşdirdiyi önəmli layihələrdən biri də Oğuz-Qəbələ-Bakı su kəməri layihəsidir. Dövlət Neft Fondu (ARDNF) tərəfindən layihənin maliyyələşdirilməsinə 2006-cı ilin əvvəlindən başlanılıb və 2011-ci ilin sonuna qədər layihə üzrə ümumilikdə 779,6 milyon manat vəsait ayrılıb.

Bundan başqa ötən illər ərzində Dövlət Neft Fondu tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri üçün 297 milyon, Azəri-Çıraq-Günəşlidə Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 87,6, Cənub Qaz Dəhlizi layihə üçün 1530, 3, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün 1469,6, xaricdə təhsil üzrə Dövlət Proqramı üçün 212,7, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 90, Bakı-Tbilis-Qars dəmir yolu xətti üçün 748, 6, “Star” neft emali kompleksinin tikintiti üçün isə 1663,3 milyon manat vəsait ayrılıb.

Neft gəlirlərinin dolğun idarə olunması

Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında neftdən əldə olunan vəsaitlərin iqtisadiyyatın digər sahələrinə, ilk növbədə, qeyri-neft sektorunun inkişafına və insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsini hökumət qarşısında prioritet vəzifələr kimi müəyyənləşdirmişdi. Neft gəlirlərinin dolğun idarə olunması və iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi Cənab İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi inkişafın nəticəsi olaraq bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə yaradılan bu il 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri fondun tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçib. ARDNF-nin aktivlərinin artımı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm sosial-iqtisadi islahatların nəticəsində dayanaqlı uzunmüddətli iqtisadi artıma hədəflənmiş siyasətin daha bir nümunəsidir. Bütün bunların göstəricisidir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə isə 19,7 milyon manat vəsait ayrılıb.

“ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

http://olaylar.az/news/iqtisadiyyat/340151