oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktorunun Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsi ( iyul 2011)

07 Jul 2011 11:37:00

Neft Fondunun İcraçı Direktorunun Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsi ( iyul 2011)

Dövlət Neft Fondunun aktivlərinin həcminin artması Azərbaycan xalqının Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu milli neft strategiyasının real bəhrəsidir

Şahmar Mövsümov: Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması, digəri isə bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov “www.yap.org.az” saytına müsahibə verib:
- Şahmar müəllim, 2011-ci ilin birinci yarısında Dövlət Neft Fondunun gəlirləri haqqında məlumat verməyinizi xahiş edirik. ümumiyyətlə, dünya neft bazarında qiymətlərin yüksək artımı Fondun aktivlərinə hansı dərəcədə təsir göstərməkdədir?
- 2011-ci ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirləri 7 925,3 mln. manat və yaxud 10 002,8 mln. ABŞ dolları təşkil etmişdir. Gəlirlərin 96 faizini və yaxud 7 611,2 mln. manatını (9 607,3 mln. ABŞ dollarını) karbohidrogen ehtiyatlarının satışından əldə edilən gəlirlər təşkil etmişdir. Hazırda Fondun aktivlərinin həcmi artmaqdadır. Dövlət Neft Fondunun aktivlərinin həcminin artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin banisi olduğu milli neft strategiyasının real bəhrəsidir. Möhtəşəm neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənmişdir. Dünya neft bazarlarında xam neftin qiymətlərinin yüksək səviyyədə qalması ilə əlaqədar Fondun aktivlərinin artmasına şərait yaranmışdır ki, bunun da nəticəsi olaraq Neft Fondunun aktivləri ilin əvvəlində 22,8 milyard ABŞ dolları səviyyəsindən 6 ay ərzində 7,6 milyard ABŞ dolları məbləğində artaraq ilk dəfə olaraq 1 iyul 2011-ci il tarixinə 30,4 milyard ABŞ dollarına çatmışdır. Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də, ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir.
- Məlum olduğu kimi, may ayında 2011-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edildi. Dövlət Neft Fondundan büdcəyə yönəldilən transfertlər əlavə olaraq hansı investisiya və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub?
- 2011-ci il ərzində xam neftin qiymətlərinin yüksək səviyyədə qalması ilə əlaqədar olaraq dövlət büdcəsinin, eləcə də, Neft Fondunun gəlirlərinin artmasına şərait yaranmışdır. Bununla əlaqədar 2011-ci il üçün dövlət büdcəsində, eləcə də, Dövlət Neft Fondunun büdcəsində dəyişiklik edilərək xam neftin bazis qiyməti 60 ABŞ dollarından 80 ABŞ dollarına qədər və müvafiq olaraq Neft Fondunun gəlirlərinin həcmi 9 132, 9 mln. manatdan 12 796,2 mln. manata qədər artırılmışdır. Eyni zamanda, dövlət büdcəsində edilmiş dəyişiklik çərçivəsində Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 6 480, 0 mln. manatdan 9 203, 2 mln. manata qədər artırıldığından, Fondun büdcə xərclərində müvafiq dəyişikliklər edilmişdir. 2011-ci il “Dövlət büdcəsi haqqında” Qanuna əsasən Neft Fondundan dövlət büdcəsinə transfert dövlət büdcəsinin gəlirlərinə daxil edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi və uğurla reallaşdırdığı iqtisadi kursa uyğun olaraq, bu gəlirlər hesabına dövlət büdcəsinin xərcləri, o cümlədən, dövlət investisiya proqramına daxil edilən investisiya və infrastruktur layihələri maliyyələşdirilir.
- Fondun investisiya strategiyasına dəyişikliklərin edilməsi planlaşdırılırmı?
- Dövlət Neft Fondu dünya maliyyə bazarlarında olan müasir vəziyyəti əks etdirən konservativ investisiya strategiyasını həyata keçirir. Vəsaitlərinin böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək olan qiymətli kağızlara investisiya olunub. Bu strategiya qlobal maliyyə böhranı zamanı özünü doğrultmuş və bir çox tanınmış suveren fondlardan fərqli olaraq ARDNF ən böhranlı 2008-ci ili gəlirlə bitirməyə nail olmuşdur. Lakin hazırda maliyyə bazarlarında baş verən dəyişiklikləri nəzərə alaraq və daha riskli və mənfəətli alətlərə, o cümlədən, şirkətlərin səhmlərinə, daşınmaz əmlaka investisiya etmək məqsədilə ARDNF investisiya portfelinin diversifikasiyası üzrə təkliflərin hazırlanmasının son mərhələsindədir. ümid edirik ki, ARDNF-nin yeni diversifikasiya olunmuş investisiya strategiyası artıq bu il təsdiq ediləcək. Aktivlərinin səhmlərə yatırılması isə bu təkliflərin qəbul edilməsindən sonra mümkün olacaq.
- Sizcə, DNF-nin vəsaitlərinin böyük bir hissəsinin gələcək nəsillərə saxlanılması ilə bağlı strategiyası hansı mühüm perspektivlərə yol açır?
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qərarı ilə 1999-cu ildə təsis edilmiş Dövlət Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına məxsus neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması, digəri isə bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.
Yuxarıda qeyd edilən məqsədlərin icrası çərçivəsində Neft Fondunun vəsaitinin toplanması və artırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, 2001-2011-ci illər ərzində Neft Fonduna ümumilikdə 56,5 milyard ABŞ dolları daxil olmuşdur ki, bu vəsaitin 30,4 milyard ABŞ dolları və yaxud 53,8 faizi yığıma yönəldilmişdir və 2001-ci ildə 491,5 milyon ABŞ dolları səviyyəsində olan Neft Fondunun vəsaiti 10 il ərzində 62 dəfə artaraq 30,4 milyard ABŞ dollarına çatmışdır.
Qarşıdakı perspektivlər onu deməyə əsas verir ki, Neft Fondunun vəsaiti ildən-ilə daha da artacaqdır. Bununla da Azərbaycanda yaşayan və gələcəkdə yaşayacaq bütün nəsillər Azərbaycanın zəngin neft sərvətlərindən istifadə etmək imkanı əldə edirlər.
- Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyi yüksək dəyərləndirilir. Respublikamızın tətbiq etdiyi təcrübə hazırda hansı ölkələr tərəfindən öyrənilməkdədir?
- Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) birinci qoşulan və dünyada MHŞT üzrə hesabatı birinci dərc etdirən Azərbaycan MHŞT prinsip və meyarlarının tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən və nəticədə MHŞT üzrə tamhüquqlu üzv statusunu alan ilk ölkə olmuşdur. 2007-ci ildə MHŞT-nin tətbiqinə görə Dövlət Neft Fondu “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə BMT-nin “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmiş, təşəbbüsün tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə və MHŞT-nin prinsip və meyarlarına tam əməl etdiyinə görə Azərbaycan “2009-cu il MHŞT mükafatı”na layiq görülmüşdür.
Azərbaycanın bu sahədə malik olduğu təcrübə bir çox ölkələr tərəfindən də öyrənilir. Belə ki, MHŞT-yə qoşulmuş digər ölkələr, o cümlədən, Qazaxıstan, Monqolustan, Qana, İraq, Norveç təşəbbüsün öz ölkələrində tətbiqini inkişaf etdirmək məqsədi ilə Azərbaycanın bu sahədə malik olduğu geniş təcrübə ilə tanış olmaq üçün öz nümayəndə heyətlərini ölkəmizə göndərməklə yanaşı, xaricdə keçirilən tədbirlərdə Azərbaycanın nümayəndə heyəti ilə çoxsaylı görüşlər və iclaslar keçirmişlər.
- Respublikamız neftdən əldə edilən vəsaitlərin səmərəli şəkildə istifadə olunması ilə bağlı mükəmməl strategiyaya malikdir. Perspektiv inkişaf mərhələsində Azərbaycan neft gəlirlərini daha hansı sahələrə yönəltməyi nəzərdə tutur?
- Dövlət Neft Fondunun Əsasnaməsinə əsasən Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər. Dövlət Neft Fondunun vəsaitinin istifadəsi, o cümlədən, infrastruktur və sosialyönümlü layihələrin və dövlət proqramlarının maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilən istiqamətlərə (proqramlara), habelə Neft Fondunun büdcəsinə uyğun olaraq həyata keçirilir.
2001-2011-ci illər ərzində Neft Fondunun büdcəsi çərçivəsində Fondun vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, Azərbaycan investisiya şirkətinin nizamnamə kapitalının formalaşması, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, habelə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi təmin edilmişdir. Eyni zamanda, Fondun vəsaitinin böyük hissəsi dövlət büdcəsinə transfert edilmişdir ki, bu vəsait hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin həyata keçirilməsi təmin edilmişdir.
- Qarşıdakı illərdə xarici menecerlərin sayı və onlara idarəetməyə verilmiş vəsaitlərin həcminin artırılması gözlənilirmi?
- Hazırda ARDNF-nin vəsaitlərinin bir hissəsi “Clariden Leu”, “Deutsche Bank” və Dünya Bankı kimi nüfuzlu xarici menecerlər tərəfindən idarə olunur. Xarici menecerlər ARDNF tərəfindən müəyyən olunmuş qaydalar çərçivəsində investisiya strategiyasını həyata keçirir. Yuxarıda qeyd olunan yeni investisiya strategiyasının qəbulundan sonra və yeni növ aktivlərə investisiya planları ilə əlaqədar gələcəkdə xarici menecerlərin sayının və onlara verilmiş vəsaitin artırılmasına yenidən baxıla bilər.
- Dövlət Neft Fondu xarici maliyyə bazarlarında minoritar, passiv investor kimi iştirak etmək niyyətində deyil ki?
- İri şirkətlərin səhmlərinə investisiyaların müxtəlif yolları var. Bu yollardan biri investor tərəfindən hər hansı bir şirkətin səhmlərinin böyük payının alınması və şirkətin idarə edilməsində birbaşa iştirakdır. Digər yol isə diversifikasiya edilmiş səhmlər indeksinə investisiyalardır. Bu halda sərmayədar investisiya portfelinə bir çox şirkətlərin səhmlərini daxil edir və portfeldə hər bir şirkətin payı cuzi olur. Yuxarıda qeyd etdiyim kimi, ARDNF-nin tərtib olunan yeni investisiya strategiyası investisiya portfelinin diversifikasiyasını nəzərdə tutur.
- Şahmar müəllim, qarşıdakı 5 il ərzində DNF-nin aktivlərinin hansı həcmdə olacağı barədə proqnozlar söyləmək mümkündürmü?
- Proqnozlara əsasən, Fondun xərcləri hazırkı səviyyədə saxlanıldığı təqdirdə, yaxın 5 ildə Fondun aktivləri neftin qiymətindən asılı olaraq 50 milyard ABŞ dollarını keçə bilər.

http://www.yeniazerbaycan.com/Axtarish_e8451_az.html