Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
2.1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 8 146 218,8 |
2.2. | Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri | 3 600,6 |
2.3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir | 24 223,4 |
2.4. | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir | 3 131 968,3 |
2.5. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar | 767 244,4 |
Cəmi | 12 073 255,5 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi | 12 781 000,0 |
3.2. | Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 33 526,0 |
3.3. | Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 47 460,0 |
3.4. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 38 246,5 |
Cəmi | 12 900 232,5 |
4 .“2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2023-cü il