Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Fondun 2011-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.
Həmin hesabata dair Fondun Müşahidə Şurasının rəyini və Fondun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası, gəlirlər 15 628 352,8 min manat, xərclər 9 606 595,4 min manat və ya Dövlət Neft Fondunun 2011-ci il büdcəsində nəzərdə tutulduğuna nisbətən gəlirlər üzrə 122,1 faiz,xərclər üzrə 96,6 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:
Sıra №-si | Göstəricilər | min manatla |
Gəlirlər Cəmi | 15 628 352,8 | |
1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəfləri, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 15 257 481,2 |
2. | Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar | 101666,0 |
3. | Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) | 66 784,1 |
4. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 1 346,4 |
5. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 7 502,4 |
6. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) | 15 730,0 |
7. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər | 176 431,2 |
8. | Digər gəlirlər və daxilolmalar | 1 411,5 |
Xərclər Cəmi | 9 606 595,4 | |
1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 139 974,0 |
2. | Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert | 9 000 000,0 |
3. | Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi | 32 567,3 |
4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 199 998,3 |
5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 161 926,1 |
6. | “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 14 999,4 |
7. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 57 130,3 |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2012-ci il.