oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (31.03.2004)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq, habelə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il üçün büdcəsinə dair bir sıra göstəricilərin, o cümlədən Azərbaycan Respublikasının 2004-cü il icmal büdcəsinin kəsirinin və xərclərinin yuxarı həddinin məbləğlərinin təsdiq edildiyini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin gəlirləri 928720,4 mln. manat, xərcləri 843696,2 mln. manat təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlir mənbələri

Gəlirlərin məbləği (milyon manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

746 250,0

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər

31 541,5

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

75 520,5

4.

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair

75 408.4


Cəmi:

928 720,4

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Xərc istiqamətləri

Xərclərin məbləği (milyon manat)

1.

Qaçqınların ve məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dair Azərbaycan Respublikası Prezidentinin 2001-ci i! 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarının və 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamının icrası ilə bağlı xərclər

90 000,0

2.

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azerbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər

89 000,0

3.

Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinə transfert

650 000,0

4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

14 696,2


Cəmi:

843 696,2

4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 mart 2004-cü il № 45 .