“Exo” qəzetinin 14 iyul 2016-cı il tarixli 123 (3762) nömrəli buraxılışında və www.echo.az saytında «Может ли Госнефтефонд Азербайджана обманывать правительство?» başlıqlı yazı dərc edilmişdir. Qeyd edilən məqalə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti barədə həqiqətə uyğun olmayan və təhrif edilmiş müəyyən fikirlər əks etdirir.
ARDNF-nin fəaliyyətinin bütün aspektləri hər zaman yerli və beynəlxalq KİV-lər tərəfindən geniş işıqlandırılır, həmçinin onlayn dərc olunan və sərbəst istifadə üçün nəzərdə tutulan beynəlxalq standartlar əsasında hazırlanan hesabatlarda əks olunur. Bununla yanaşı Fond KİV-dən daxil olan hər bir spesifik sual və müraciətləri hər zaman cavablandırmağa hazırdır.
Təəssüf ki, bəzi KİV-lərdə ARDNF ilə bağlı reallığı əks etdirməyən, əsassız və heç bir nəzəri biliklərə söykənməyən yazılara rast gəlinməkdədir və bunlar cəmiyyətdə yanlış ictimai rəyin formalaşması ilə nəticələnə bilər. “Может ли Госнефтефонд Азербайджана обманывать правительство?” başlıqlı məqalədə ARDNF-nin investisiya istiqamətləri, xüsusən daşınmaz əmlak yatırımları ilə bağlı əsassız fikirlər qeyd olunub.
Hər hansı bir bu və ya digər daşınmaz əmlak obyektinə investisiyadan öncə Fond tərəfindən coğrafi diversifikasiya, bazar həcmi, likvidliyi, şəffaflığı, artım potensialı, qiymət dəyişkənliyi, gəlirlilik, iqtisadi və siyasi stabillik və s. kimi meyarlar nəzərə alınmaqla ümumi bazarın və coğrafi regionların müəyyən edilməsi üçün təhlillər aparılır. Daşınmaz əmlak obyektinin seçilməsi uzunmüddətli prosesdir və xüsusilə qeyd edilməlidir ki, bu investisiya yatırımları seçilərkən onların uzunmüddətli icarə müqaviləsinə, icarəçilərin yüksək dayanıqlı maliyyə vəziyyətinə, aktivlərin yüksək səviyyədə maddi-texniki təchizata malik olması kimi meyarlar ciddi nəzərə alınmaqla çoxsaylı təkliflərdən ən üstün olanı seçilir.
Aktivlər beynəlxalq standartlara və öncül təcrübələrə əsaslanan metodlar əsasında qiymətləndirilir. Bu qiymətləndirmə həm ARDNF, həm də bu sahədə ixtisaslaşmış müstəqil xarici şirkətlər tərəfindən aparılır. Bu sahədə aparıcı mütəxəssislər olan və yerli və beynəlxalq reytinqlərdə yuxarı yerlərdə qərarlaşan bu qiymətləndiricilər ən uyğun və dünya stardartlarına cavab verən metodlar əsasında Fondun daşınmaz əmlaklarının qiymətlərinin əks olunduğu hesabatlar hazırlayırlar. Şirkətlərin qiymətləndirmələri həm yatırım edilməzdən öncə, həm də yatırım edildikdən sonra illik əsasda təqdim edilir. Qiymətləndirici şirkətlər tərəfindən Fonda təqdim edilən bütün hesabatların yoxlanılması dünyanın dörd böyük müstəqil auditor şirkətləri içərisindən biri təyin olunmaqla həyata keçirilir. Bu şirkətlər mütəmadi olaraq bir-birini əvəz edir (bu günə qədər bunlar PricewaterhouseCoopers, Ernst & Young, Deloitte şirkətləri olub). Belə olan halda, Fondun, müstəqil qiymətləndiricilərin və auditorların mövcudluğu şəraitində yüksək likvidli və şəffaf bazarlarda daşınmaz əmlakların qiymətlərini manipulyasiya etməsi haqqında iddia qeyri-peşəkarlıqdan və bu sahədə kifayət qədər bilik və təcrübənin olmamasından qaynaqlana bilər.
Azərbaycan Respublikası Dövlət Neft Fondu bu cür yanlış, qeyri-peşəkar və qərəzli informasiyanın yayılmasının qarşısının alınması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən Fondun fəaliyyəti haqqında olan istənilən informasiyanı dərc etməzdən öncə onu bir daha dəqiqləşdirməyi xahiş edir. İnformasiya mühitini yalançı “ekspertlərdən” təmizləmək lazımdır. Fond hər zaman olduğu kimi bütün sorğulara ən qısa müddətdə cavab verməyə hazırdır.