oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-də Yay Təcrübə Proqramının bağlanış mərasimi keçirilib

02 Aug 2024 17:38:00

ARDNF-də Yay Təcrübə Proqramının bağlanış mərasimi keçirilib

02 Aug 2024 17:38:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən təşkil olunan növbəti Yay Təcrübə Proqramı başa çatıb.

İyun-iyul ayları ərzində təcrübə proqramının iştirakçıları ARDNF-nin İnvestisiya, İnvestisiyalarda əməliyyatlar, Risklərin idarəedilməsi, Enerji layihələri, İnsan resursları, Strateji kommunikasiya, Hesablaşmalar, Büdcə və layihələr, Mühasibat uçotu, Satınalmaların idarəedilməsi, İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar və Hüquq kimi fərqli struktur bölmələrində real iş mühitində mentorlarla birlikdə əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktiki bilik və vərdişlərə yiyələnib, ARDNF-nin əsas fəaliyyət istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Proqram boyunca tələbələrin bilik və bacarıqlarının artırılmasını, eləcə də onların fərdi inkişaflarını dəstəkləmək məqsədilə ARDNF əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə daxili təlimlər təşkil olunub.

Təcrübə proqramının yekununa həsr olunan bağlanış və təltifat mərasimi 2 avqust tarixində ARDNF-nin rəhbər heyəti, əməkdaşları və mentorların iştirakı ilə keçirilib. Bağlanış mərasimində çıxış edən mentorlar gənc təcrübəçilərə proqram müddətində fəal iştiraklarına görə təşəkkür edib, onların gələcək peşəkar fəaliyyətlərinə dair öz tövsiyələrini veriblər. Təcrübə proqramı ilə bağlı təəssüratlarını bölüşən təcrübəçilər də çıxışlarında ARDNF-də əldə etdikləri bu unikal təcrübənin onlara qazandırdığı yeni inkişaf imkanları barədə danışıblar.

Tədbirin sonunda Yay Təcrübə Proqramını müvəffəqiyyətlə tamamlayan tələbələrə sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 900-dən çox müraciət edən namizəd arasından ilkin dəyərləndirmə, müsahibə və test mərhələlərindən uğurla keçən 19 nəfər və daha öncə ADA Universitetində təşkil olunan “Karyera hazırlığı həftəsi” çərçivəsində qalib gələn 5 tələbə də daxil olmaqla ümumilikdə 24 nəfər Yay Təcrübə Poqramının iştirakçısı olmaq şansı əldə edib.




Xəbərlərə abunə ol