17 mart 2005-ci ildə Londonun “Kraliça II Yelizaveta Konfrans Mərkəzi”ndə Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2-ci beynəlxalq Konfrans keçirilmişdir. 17 iyun 2003-cü ildə keçirilmiş MHŞT üzrə ilk yüksək səviyyəli tədbirin davamı olan bu Konfransda 40-a yaxın ölkənin hökumət nümayəndələri, beynəlxalq maliyyə institutlarının, hasilat sənayelərinin və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak etmişlər.
Konfransın əsas məqsədi MHŞT-nin həyata keçirilməsi sahəsində ayrı-ayrı ölkələrdə əldə edilmiş irəliləyişləri nəzərdən keçirmək olub. Bundan başqa Konfrans MHŞT-ni dəstəkləyən hökumət, hasilat sənayesi və vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq əməkdaşlığını birləşdirmək və gücləndirmək üçün imkan yaratmaq niyyəti daşıyıb. Müxtəlif ölkələri və qurumları təmsil edən nümayəndələr bəzi ölkələrin neft, qaz və qızıl hasilatı sahəsindən əldə edilmiş gəlirlərin idarə olunmasında şəffaflığın təmin edilməsi istiqamətində atdığı mühüm addımları yüksək qiymətləndirmiş, MHŞT-nin tətbiqində pilot ölkə kimi 4 dövlətin – Azərbaycan, Qana, Qırğızıstan Respublikası və Nigeriyanın əldə etdiyi irəliləyişləri xüsusi olaraq alqışlamışlar.
Konfransı açan Dünya Bankının Prezidenti cənab Ceyms Volfenson bəyan etmişdir ki, Təşəbbüs yaxşı idarəetmə üçün əsas prinsip və mühüm başlanğıc nöqtəsidir. Onun sözlərinə görə Təşəbbüs gəlirlərdən yanlış istifadənin və korrupsiyanın qarşısını alır və makroiqtisadi idarəetməni güçləndirir. Cənab Volfenson bildirmişdir ki, Dünya Bankı MHŞT-ə qoşulmamış ölkələrə investisiya qoymayacaq.
Konfrans iştirakçılarına yazılı müraciətindəBöyük Britaniyanın Baş Naziri Toni Bleyer 2003-cü ilin iyun ayında Londonda keçirilmiş Konfransdan sonra MHŞT-nin tətbiqi sahəsində böyük irəliləyişlər əldə olunduğunu bəyan etmişdir. O, Azərbaycan, Qana, Qırğızıstan Respublikası və Nigeriyanın pilot ölkə kimi əldə etdiyi uğurları xüsusi olaraq yüksək qiymətləndirmişdir. Baş Nazir bu ölkələrin təcrübəsinin MHŞT-nin uğurla həyata keşirilməsi istiqamətində mühüm nailiyyət olaraq öyrənilməsinə imkan yaratdığını vurğulamışdır. O, bu il daha çox ölkənin MHŞT-ə rəsmən qoşulacağına və Təşəbbüsün həyata keçirilməsi prosesinə başlayacağına ümid etdiyini bildirmişdir.
Bəzi ölkələr fürsətdən istifadə edərək MHŞT-nin həyata keçirilməsinə başlayacaqları barədə planlarını Konfrans iştirakçıları qarşısında açıqlamış, digərləri isə artıq bu sahədə əldə etdikləri uğurlar barədə danışmışlar. Azərbaycanı Konfransda təmsil edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru və MHŞT üzrə Komissyanın sədri cənab Samir Şərifov Təşəbbüsün həyata keçirilməsi və nəticədə Azərbaycanın bütün dünyada MHŞT üzrə hesabatları açıqlayan ilk ölkə olması barədə Konfrans iştirakçılarına məlumat vermişdir. S.Şərifov həmçinin, Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində öz təcrübəsini mineral ehtiyatlarla zəngin olan digər ölkələrlə bölüşməyə hazır olduğunu da bildirmişdir.
Niger və Kamerun hökumətləri artıq Təşəbbüsün həyata keçirilməsi prosesinə başlayacaqlarını bəyan ediblər. Ekvatorial Qvineya və Konqo Demokratik Respublikasının hökumətləri də MHŞT-nin həyata keçirilməsinə dair öhdəlikləri öz üzərlərinə götürdüklərini və Təşəbbüsün tətbiqi prosesinə başlamaq barədə müzakirələr aparacaqlarını bildiriblər. Böyük Britaniya, Fransa, Norveç, Amerika Birləşmiş Ştatları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla bəzi ölkələr və beynəlxalq təşkilatlar MHŞT-nin tətbiqi məqsədilə maliyyə və texniki yardımı artırmaq barədə niyyətlərini açıqlamışlar.
Sonda Konfrans iştirakçıları MHŞT-ni həyata keçirən ölkələr və şirkətlər üçün meyarlar və əsas prinsiplər üzərində razılığa gəlmiş və Təşəbbüsü dəstəkləməkdə maraqlı ölkələr və şirkətlər üçün MHŞT üzrə Məlumat kitabçasını təsdiq etmişlər. Bundan başqa, Böyük Britaniya hökuməti MHŞT-ə beynəlxalq dəstəyi idarə etmək, Təşəbbüsün həyata keçirilməsini stimullaşdırmaq və bunun üçün əlverişli şəraiti təmin etmək məqsədilə Beynəlxalq Məsləhətçi Qrupun yaradıldığını bəyan etmişdir.
İştirakçılar yekun olaraq MHŞT-ə qoşulan ölkələrin sayının artacağına və onun tətbiqninin könüllülük prinsipi qorunmaqla güclənəcəyinə əmin olduqlarını bəyan etmişlər. Onlar qərara almışlar ki, Beynəlxalq Məsləhətçi Qrupla sıx əməkdaşlıq nəticəsində gəlirlərin idarə olunmasında şəffaflığın təmin edilməsi ilə bağlı təkliflərin təkmilləşdirilməsi yolu ilə MHŞT-nin tətbiqi davam etdiriləcək və bu, büdcə şəffaflığı, sabit maliyyə idarəetməsi və etibarlılıq prinsiplərinin inkişaf etdirilməsi istiqamətində beynəlxalq səylərin bir hissəsi olacaq. MHŞT üzrə növbəti Konfransın 2006-cı ilin mart ayında keçirilməsi planlaşdırılır. O vaxtadək iştirakcılar bu məsələlər barədə razılığa qələcəklər: spesifik ölkə şəraitlərini nəzərə almaqla MHŞT-ə veriləcək beynəlxalq dəstəyin idarə olunması, münasib yerlərdə MHŞT-nin həyata keçirilməsinin stimullaşdırılması və Təşəbbüsün tətbiqinin qiymətləndirilməsi üçün əlverişli process.