2010-cu il mayın 14-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
İclasda Azərbaycanın mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqladığı və dərc etdiyi və qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğuna görə MHŞT-nin tamhüquqlu üzvü statusunu alması qeyd olundu. MHŞT üzrə Hökumət Komissiyası Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (on ikinci) hesabatını (2009-cu il üzrə) açıqlamışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
İlk dəfə olaraq bu hesabatlarda Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətin də məlumatları öz əksini tapmışdır.
On ikinci hesabatda əvvəlkilərdən fərqli olaraq səmt və təbii qaz ayrılıqda, eləcə də vergilər müxtəlif növlər üzrə təqdim olunmuşdur ki, bu da hesabatın təqdim etdiyi məlumat bazasını genişləndirmişdir.
İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olundu.
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının (www.eiti-az.org) İnternet səhifələrində yerləşdirilir.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayeçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.