2010-cu il fevralın 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) ilk iclası keçirilmişdir. Çoxtərəfli Qrupun ilk iclasını ÇQ-nin sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov açaraq MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələlərlə bağlı Qrup üzvlərinə məlumat vermişdir.
İclasda Çoxtərəfli Qrupun üzvləri ÇQ-nin 2010-cu il üçün iş planını müzakirə edərək təsdiq etmişlər.
Çoxtərəfli Qrupun üzvləri MHŞT-də hesabatlılıq prosesinin təkmilləşdirilməsinə dair bir sıra təklifləri müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişdir.
Eyni zamanda, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 11-ci hesabat (2009-cu ilin ilk 6 ayı) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır.
İclasda MHŞT üzrə 12-ci hesabat mərhələsinə start verilmişdir. Çoxtərəfli Qrupun üzvləri 2009-cu ili əhatə edəcək hesabatların təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara almışlar.
Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.