2014-cü ilin ortalarından başlayaraq dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış qeyri-sabitlik iqtisadiyyatı karbohidrogen ehtiyatlarının satışı üzərində qurulmuş ölkələri sınağa çəkdi. Neftin nəzərəçarpacaq dərəcədə ucuzlaşması həm "qara qızıl" ölkələrinin gəlirlərini azaltdı, həm də onların "qara gün" üçün topladığı vəsaitlərin dinamikasına mənfi təsir etdi. Odur ki, son bir neçə il neft dollarları hesabına formalaşan suveren fondlar, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) üçün əsl sınaq dövrü sayıla bilər. Bəs ARDNF bu sınaqdan necə çıxdı?
İlk növbədə qeyd edək ki, neft bazarındakı yeni vəziyyət suveren fondların idarə edilməsini təkmilləşdirməyi, xüsusilə investisiya siyasətinə yenidən baxmağı və həyati əhəmiyyət kəsb etməyən xərcləmələri dayandırmağı zəruri edirdi. Bütün bunlara Azərbaycanda əməl olundu və ARDNF-in aktivlərinin sürətlə azalacağı ilə bağlı proqnozlar özünü doğrultmadı. 2016-cı ilə qədər valyuta ehtiyatları 33 milyard dollara qədər azalmış Fond 2017-ci ildən başlayaraq özünü yeni vəziyyətə uyğunlaşdırdı və aktivlərini yenidən artırmağa başladı. Sözügedən göstərici 2017-ci ilin sonuna 36 milyar dollara yaxın, 2018-ci ilin sonunda 38,5 milyard dollar, 2019-ci ilin I rübünün sonunda isə ilk dəfə 40 milyard dollardan çox oldu. Müqayisə üçün bildirər ki, Qazaxıstanda neft gəlirlərinin toplandığı Milli Fond bu ilin əvvəlinə qədər aktivlərini artıra bilməyib və 2015-ci ilin yekununda nail olduğu 73 milyard dollarlıq göstərici 2018-ci ilin yekununda 58 milyard dollara düşüb.
Son illər neft bazarında vəziyyət qismən sabitləşsə də, ümumilikdə dünya iqtisadiyyatında qeyri-sabitlik müşahidə edilir. Bu isə suveren fondların investisiya gəlirlərinə mənfi təsir edib. Eyni fikri ARDNF haqqında da demək olar.
Məsələn, Fondun investisiya portfelinə daxil olan səhmlər 2018-ci ildə ona gəlir gətirməyib, əksinə 0,87% zərərə alıb. Odur ki, həmin qiymətli kağızlar riskli investisiya aləti kimi diqqəti cəlb edir.
ARDNF-in aldığı səhmlərdən gəlir əldə edə bilməməsinə Hesabalama Palatası da diqqət çəkib. Palata səhmlərə investisiya qoyuluşunda diqqətli olmağı tövsiyyə edib. Bu, Palatanın ARDNF-in 2019-cu il büdcəsi ilə bağlı rəyində də öz əksini tapıb.
HESABLAMA PALATASININ RƏYİNDƏN ÇIXARIŞ
Nəticə etibarı ilə investisiya siyasəti çərçivəsinə uyğun olaraq səhm portfelinin məcmu investisiya portfelinin 25%-nə yaxınlaşması vəsaitlərin gəlirlilik səviyyəsinə təsir etsə də səhm portfelində böyük həcmli vəsaitlərin saxlanmasına şərait yaradır ki, bu da maliyyə bazarlarında müşahidə edilən volatilliyin fiskal itkilərə səbəb olma ehtimalını artırır.
Bununla belə, ARDNF ümumilikdə ili müsbət gəlirlilik səviyyəsi ilə başa vura bilib. Halbuki həmin dövrdə dünyanın əksər suveren fondlarında mənfi gəlirlilik qeydə alınıb. Məsələn, 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1%, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1% və -2,2% olub. ARDNF-in ili müsbət gəlirlilik göstəricisi başa vura bilməsini mütəxəssislər investisiya siyasətinin ən mühüm prinsipi olan risklərin bölüşdürülməsi ilə izah edirlər. Belə ki, ARDNF-in 2018-ci ilin yekununa dair hesabatında qeyd olunduğu kimi investisiya qoyuluşları həm alətlər, həm bölgələr, həm də müddətlər üzrə şaxələndirilib. İnvestisiya qoyuluşlarının 76,5%-i istiqraz və pul bazarı alətlərinə, 12,8%-i səhmlərə, 5,3%-i daşınmaz əmlaka, 5,4%-i isə qızıla yatırılıb.
Öz növbəsində Fondun vəsaitlərinin xarici valyutalar üzrə bölgüsü zamanı da şaxələndirmə siyasətinə üstünlük verilib. ARDNF-in hesabatlarının təhlili zamanı diqqət çəkən məqamlardan biri yerli iqtisadiyyata investisiya qoyuluşlarının azlığıdır. Mütəxəssislər artıq Azərbaycan iqtisadiyyatında sabitləşmə və inkişaf dövrünün yaşandığını, bu baxımdan Fondun da öz investisiya qoyuluşlarında bunu nəzərə almasının vaxtı çatdığını düşünür. İndiyədək ARDNF ölkədə daha çox sosial layihələrə vəsait yatırıb. Yaradıldığı ilk dövrdə elə ilk ayırdığı vəsait də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
ARDNF-in digər suveren fondlardan fərqli olaraq daha bir missiyasını unutmaq olmaz. Bu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilən 1 milyon insanın problemləridir. Məhz ARDNF-in vəsaitləri hesabına bu insanlar üçün evlər, məktəblər inşa edilir. Onların həyat şəraiti yaxşılaşdırılır. Ən böyük yatırım insana olan yatırımdır. Fondun ən önəmli missiyası budur. Bundan başqa 2014-cü ildən başlayan neft böhranı zamanı ölkənin valyuta gəlirlərinin azalması, milli valyutanın məzənnəsinə mənfi təsir göstərdi. Bunun fəsadlarının aradan qaldırılması və iqtisadi sabitliyi təmin etmək üçün 2017-ci ildə Mərkəzi Banka 2.3 mlrd. dollar transfert edilib. Bu, çox keçmədən öz müsbət təsirini göstərib. Həm manatın məzənnəsi, həm də ümumilikdə makroiqtisadi sabitlik təmin edilib.
Qeyd: Məqalə ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə“Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
https://fed.az/az/news/68505/qara-qizilin-sinagindan-uzuag-cixan-fond