Neft vəsaitlərinin idarəedilməsi sahəsində region ölkələri üçün bir nümunəyə çevrilib
Türkiyə prezidentlərinin həyat fəaliyyətini qələmə alan tarixçilərin qeydlərində mərhum Turqut Özalla bağlı olduqca maraqlı bir fakta rast gəlinir: bir gün aparıcı geoloq mütəxəssisləri bir araya gətirən T.Özal onlara belə bir göstəriş verir ki, araşdırıb görsünlər, ölkəsində nə qədər neft-qaz ehtiyatı var. Bir müddətdən sonra geri dönən həmin mütəxəssislər Türkiyədə bu sərvətlərin olmadığını təssüf hissi ilə qeyd edirlər. Turqut Özalın dərindən nəfəs alaraq «Bu çox gözəl oldu. Onda inkişafımızda davam edə bilərik» cavabı o zaman təccüblə qarşılanır. Görünür, Turqut Özal neftin və ümumiyyətlə mineral ehtiyatların bira sıra ölkələrə bəlalar gətirdiyi barədə mövcud pozitiv təcrübənin acı nəticələrini görüb bu qənaətə gəlib.
Əlbəttə yalnız pozitiv təcrübədən çıxış etsək elə təsəvvür yaranar ki, doğrudan da neft ancaq bəla gətirir və mineral ehtiyatları olmayan ölkələr bu resurslara malik ölkələrdən daha xoşbəxt yaşayırlar. Bəs, həqiqətən neftlə zəngin ölkələr yalnız onun mənfi təsiri ilə üzləşir, yoxsa neftin ölkə iqtisadiyyatına müsbət təsiri də olur? Hələ iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlits neftin xeyri çoxdur, yoxsa ziyanı sualına cavab verərkən dünyada az da olsa, neft gəlirindən səmərəli istifadə edib sabit iqtisadiyyat qurmuş ölkələrin movcud olduğunu bildirmişdir. Bu ölkələr dövlət iqtisadiyyatını neqativ təcrübəyə malik ölkərlərdə olduğu kimi, yalnız neft üzərində formalaşdırmır. Söhbət neft gəlirlərindən səmərəli istifadə edən ABŞ, Kanada, Norveç, Avstraliya kimi inkişaf etmiş dövlətlərdən gedir. Onların neft və digər mineral sənayesi, habelə bu sənayedən əldə olunan gəlirlərin istifadəsi praktikası böyük maraq kəsb edir və güman etmək olar kı, hər bir neft ölkəsi bu təcrübədən bəhrələnib neft amilinin neqativ fəsadlarından sovuşmaq istəyir. Belə ölkələrdən biri kimi Azərbaycan da Dövlət Neft Fondunun fonunda neft vəsaitlərinin yüksək səviyyədə idarəedilməsi yolu ilə bu təcrübənin daşıyıcısına çevrilib, desək heç də yanılmarıq. Əgər belə olmasaydı, Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya Departamentinin direktor müavini Culian Berengot Azərbaycanın Neft Fondunu regionun digər ölkələri üçün gözəl bir nümunə kimi çəkməzdi.
NEFT FONDU HASİLAT SƏNAYESİNDƏ ŞƏFFALIQ TƏŞƏBBÜSÜNƏ QOŞULAN İLK FONDLARDAN BİRİ OLUB
Əgər Neft Fondunun çox da uzaq olmayan yaranma tarixinə qısa ekskursiya etsək görərik ki, ARDNF Azərbaycan neft strategiyasının vacib elementlərindən biri kimi yaradılıb. Çünki «Əsrin müqaviləsi» çərçivəsində neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra bu qurum təsis edilib. Fond yaranandan indiyə qədər fəaliyyətində ilk növbədə şəffaflığa böyük önəm verib. Beynəlxalq təcrübədə bu, çox vacib məsələdir.
Çünki, uğur qazanmaq, istənilən ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflıq təmin edilməlidir. Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondu Böyük Britaniyanın hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk fondlardan biri olub və bu təşəbbüsə regionda təkan verilməsi istiqamətində göstərdiyi fəaliyyət ABŞ və Böyük Britaniyanın nüfuzlu maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilib. Reallıqda ARDNF-in açıq və şəffaf şəkildə idarə olunması sahəsində başqa ölkələrə nümunə ola biləcək təcrübəsi var. Məhz buna görə, Dövlət Neft Fondu dünyada dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat olan BMT-nin dövlət qulluğu mükafatına layiq görülüb.
ARDNF-in bütün dünyanı öz ağuşuna alan qlobal maliyyə böhranının təsirlərindən az itkiyə məruz qalmaqla ötüşməsi də diqqətçəkən məqamdır. Bir sözlə Fond böhranın ilk illərindən bu günədək mümkün qədər ən ehtiyatlı mövqedə dayanmağı və riskli olan hər bir əməliyyatdan kənarlaşmağı bacarıb. Neft Fondunun ehtiyatlı davranmasının əvəzi isə 2008-ci ildə öz bəhrəsini verdi. Daha çox riskə gedən bir çox dövlət vəsaitlərinin idarəedilməsi fondları 2008-ci ildə dünya bazarlarında baş verən böhranla əlaqədar bu bazarlara qoyduqları investisiyalar nəticəsində aktivlərinin böyük hissəsini itirdilər.
NORVEÇ NEFT FONDUNUN BÖHRAN İTKİLƏRİ ARDNF-də TOPLANAN VƏSAİTİN ÜMUMİ MƏBLƏĞİNDƏN 9-10 DƏFƏ ÇOXDUR
Təbii ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olduğu üçün ARDNF-də böhranın təsirlərinə bu və digər formada məruz qaldı.
Mövzu ilə bağlı söhbəti davam etdirən Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Əli Məsimli böhranın ARDNF-in vəsaitlərinə təsirlərinin konkret nədən ibarət olmasına aydınlıq gətirməyə çalışdı. O bildirdi ki, böhrana qədər 2009-cu il üçün ölkəmizin icmal büdcəsinin gəlirlərinin 22 milyard 680 milyon manat olması proqnozlaşdırılmışdı. Bunun da 14 milyard 567 milyon manatı ARDNF-in gəlirləri kimi götürülürdü:
«Amma 2009-cu ildə Fondun gəlirləri 8 milyard 361 milyon 16,3 min manat təşkil etməsi nəzərdə tutulur. Gəlirlərin belə azalması daha çox onunla bağlıdır ki, Azərbaycanın payına düşən neft satışından əldə olunan xalis gəlir azalıb».
Ekspertin fikrincə, bütün hallarda böhran vaxtı Neft Fondunun vəsaitlərinin alternativ idarə olunması müsbət nəticə verib: «Faktiki olaraq valyutanın ucuzlaşması nəticəsində məlum oldu ki, nəinki Neft Fondunun, ümumiyyətlə Azərbaycan iqtisadiyyatının itkiləri çox cüzidir. Çünki ARDNF-nin itkilərini aktiv şəkildə vəsaitlərin idarəolunmasını həyata keçirən Norveç Neft Fondunun itkiləri ilə müqayisə etsək, birincinin daha yaxşı nəticəyə malik olduğunu görmək olar. Belə ki, indiyə qədər Norveç Fondu böhran nəticəsində qazancın 7-8 faizini itirib. Hansı ki bu göstərici ARDNF-də toplanan vəsaitin ümumi məbləğindən az qala 9-10 dəfə çoxdur».
Analoji vəziyyətlə Rusiyanın da üzləşdiyini qeyd edən iqtisadçı millət vəkili bildirdi ki, valyuta ehtiyatlarının 500 milyard dolları keçdiyi bir vaxtda qlobal böhran bu vəsaitlərin 350 milyard dollara qədər azalmasına gətirib çıxardı: «Bunları nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın valyuta ehtiyatlarında kəskin azalma yoxdur. Əksinə, dünya bazarındakı situasiyadan asılı olaraq neftin qiyməti indiki həddə, yəni 70-80 dollar civarında qalacaqsa, Neft Fondunun rezervlərinin daha da artması gözləniləndir. Hətta qabaqcıl dövlət vəsaitlərinin idarəedilməsi fondlarından fərqli olaraq, ARDNF hələ də davamlı inkişaf edir və xarici riskləri araşdırır».
Digər iqtisadçı millət vəkili Vahid Əhmədov da bütün hallarda oxşar fondlarla müqayisədə Dövlət Neft Fondunun böhrana tab gətirməsində daha yaxşı təsir bağışladığı fikri ilə razılaşır.
ARDNF rəhbərliyi böhranın nəticəsini qabaqcadan düzgün qiymətləndirdiyindən proseslərin gedişində Avropanın təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlarına üstünlük verdi. Bu da ehtiyatlılıq tədbiri kimi yerində və vaxtında atılan addım idi.
Neft Fondunun investisiya portfelinin də xarici valyuta da yerləşdirilməsi sturukturu da yerli ekspertlər tərəfindən bir zamanlar tənqidlə qarşılanan məsələlər sırasına daxil etmək olar. Məlum olduğu kimi, ARDNF kapitalının 50 faizini dolların, 40 faizini avronun, 5 faizini funt sterlinq və qalan 5 faizinin digər valyutaların üstünlük təşkil etdiyi investisiya dərəcəli qiymətli kağızlarda yerləşdirib. Bir qrup yerli ekspertlərin arqumentlərinə görə, yerləşdirmə zamanı dollara üstünlük verilməsi böhran şəraitində dolların digər valyutalara nisbətdə kursunun aşağı düşməsi fond vəsaitlərinin kəskin aşağı düşməsinə səbəb olacaq. Ancaq ARDNF həmin balansın qorunub saxlanılmasının uzun müddətdən sonra valyutanın enib-qalxmasına qarşı sığorta rolu oynayacağını güman etməsində yanılmadı. Gözlənildiyi kimi, ARDNF səhmlərə, daşınmaz əmlak və alternativlərə son dərəcə ehtiyatla yanaşdı.
NEFT VƏSAİTLƏRİNİN QORUNUB SAXLANILMASI ƏSAS ŞƏRTDİR
Ölkədə iqtisadi inkişafa nail olmaq üçün neftdən əldə olunan gəlirlərin toplanması heç də əsas məsələ deyil. Bu aspektdən çıxış edən ARDNF-in icraçı direktoru cənab Şahmar Mövsümov müsahibələrinin birində bildirib ki, bununla paralel olaraq toplanan vəsaitin bölüşdürülməsinin şəffaflığı qorunmalı və lazımi sahələrə ünvanlanması əsas məsələlərdən biridir: «ARDNF-in aşkarlığını qismən Norveçin dövlət vəsaitlərinin idarəedilməsi fondundan aldığı təsirin bir əlaməti kimi də səciyələndirmək olar. Onların hər ikisi aktivləri xarici valyutada saxlamaqla və inflyasiyanı məhdudlaşdırmaqla dövlət büdcəsinin stabilləşdirilməsi və neftdən gələn valyuta daxilolmalarının mənfi təsirlərindən qorunmasını təmin edir. Onların hər ikisinin fəaliyyəti nəsillər arası bərabərliyin qorunması prinsipinə əsaslanır».
GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULAN İNKİŞAF
Toplanmış neft gəlirlərin böyük bir hissəsinə toxunulmaması, gələcək nəsillər üçün strateji ehtiyat kimi saxlanması Neft Fondunun əsas məqsədlərindən biridir. Bu prinsipə uyğun olaraq son on ildə Dövlət Neft Fonduna 27 milyard dollar vəsait daxil olub ki, indi bu vəsaitin 14 milyard dollarını fond özü idarə edir. 2010-cu ildə isə vəsaitlərin idarə olunmasından 300 milyon dollar gəlir əldə olunacağı təxmin edilir. Aparılan hesablamalara görə, neftin orta hesabla qiymətinin 40 dollar olacağını təqdirdə, Fondun gələcək 15 ildə neftdən 200 milyard dollar vəsait əldə edəcəyi gözlənilir. Qeyd olunan məbləğin çox hissəsinin əldə edilməsinin növbəti dörd ildə, yəni Azərbaycanda neft hasilatının ən yüksək mərhələyə çatacağı dövrə təsadüf edəcək.
Dövlət Neft Fondunun gələcək inkişafa hesablanan əsas məqsədlərindən biri də qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasıdır. Müstəqil ekspertlərin qənaətinə görə, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı üçün baza rolu oynamaqdadır. Neft və onun qiymətindən asılı olmamaq üçün Neft Fondunun vəsaitindən istifadə edilərək, iqtisadiyyatın neftdən kənar sahələrinin inkişafına hərtərəfli kömək göstərilir.
Dövlət büdcəsinə edilən köçürmələr nəzərdə tutulan işləri bu və digər formada həyata keçirir. Eyni zamanda, ARDNF əhəmiyyətli yerli sosial-iqtisadi layihələri maliyyələşdirməkdə davam edir.
Amma buna baxmayaraq, əgər ARDNF-in vəsaitlərinin həcmi yuxarıda qeyd edilən kimi 100-200 milyard dollara çatdırılmalıdırsa, 2012-ci ilədək büdcəyə ediləcək köçürmələr ciddi şəkildə azaldılmalıdır. Xatırladaq ki, indiyə qədər ən böyük transfert olunan məbləğ - 4 milyard 915 milyard dollar təşkil etməklə 2009-cu il üzrə qeydə alınıb. Bu məsələ ilə əlaqədar fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, bu gün Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcminə limit qoyulmayıb: «Norveçdə isə Neft Fondunun dövlət büdcəsinə edilən transferlərin həcmi həmin fondun illik gəlirinin 4 faizindən artıq ola bilməz. Bizdə transfertlərə limitlərin müəyyənləşdirilməməsi vəsaitlərin Norveçdə olduğu kimi xərclənməsinə imkan vermir».
İqtisadçı alim bildirdi ki, ARDNF-in topladığı vəsaitin böyük hissəsini gələcək nəsillər üçün strateji ehtiyat kimi saxlanmasından ötrü ən azı bundan sonra limit tətbiq etməlidir.
Sonda qeyd edək ki, Azərbaycan iqtisadiyyatında neft və qaz sektoru ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq. Güman edilir ki, 2014-ci ildən başlayaraq mavi qaz satışından əldə edilən gəlirlər kəskin artacaq və bu sonrakı illərdə neft gəlirlərinin azalması müşahidə edilsə də kəsirin yaranmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də Azərbaycanın daimi sığorta olunmuş dövlət gəlirləri olacaq. Eyni zamanda bu qeyri-neft sektorunun inkişafı üçün də geniş imkanlar yaradır. Və yalnız, iqtisadiyyatın struktunu diversifikasiya edərək qeyri-neft sektorunu inkişaf etdirməklə «Əsrin Müqaviləsi»nin müsbət nəticələrini daimi etmək olar. Ona görə də neftdən əldə olunan gəlirlərin idarəolunması zamanı ARDNF-nin artıq dünya tərəfindən qəbul olunan bu idaretmə təcrübəsinə hələ uzun müddət ehtiyac olacaq.
Əfsun Sucayev
«Yazı Dövlət Neft Fondunun keçirdiyi "Ən yaxşı analitik məqalə" müsabiqəsinə təqdim olunur»