Müstəqilliyimizin siyah qarantı…
Yaxud ARDNF gələcək nəsillərin rifahını necə sığortalayır?
Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində neft faktoru və neft strategiyasının dayandığı, bu siyasətin hətta bu gün belə ölkəmiz üçün mühüm önəm kəsb etdiyi şübhəsizdir. Azərbaycanın müstəqilliyinə, suverenliyinə yönəlik hücumlar qarşısında qalxan rolunu oynayan bu strategiya 1991-ci ildə əldə edilən istiqlaliyyətimizin toxunulamzlığını təmin etmək baxımından olduqca mühüm rol oynayır. Neft strategiyasının ölkəmizi hansı təhlükələrdən qoruduğu və onun iqtisadi bazisini hansı səviyyədə təmin etdiyini anlamaq üçün yaxın keçmişimizin bəzi hadisələrə qısa ekskursiya etmək yetərlidir.
Tükdən asılı müstəqillik və ilahi xilas...
Azərbaycan 1991-ci ilin 18 oktyabrında tarixində ikinci kəs müstəqilliyinə qovuşsa da, həmin vaxt bu müstəqillik onun yaşaması üçün gərəkli olan iqtisadi əsas və bünövrədən məhrum idi. Öz müstəqilliyini Ermənistanla açıq hərbi qarşıdurma şəraitində əldə edən Azərbaycana bəzi dövlətlər tərəfindən olduqca ciddi təzyqiqlər göstərilirdi ki, bu təzyqiləri neytrallaşdırmaq, yenidən əsarət altına düşməmək üçün bu müstəqilliyin iqtisadi əsaslarını gücləndirmək, bu sahədə bütöv bir sistem işləyib hazırlamaq gərəkirdi. Azərbaycanın müstəqilliyinin tükdən asılı olduğu məhz belə bir anda neft faktoru ilahi xilas vasitəsi kimi köməyə çatdı.
1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan tarixə “Əsrin müqaviləsi” kimi düşən böyük neft kontraktına imza atdı. Bu, Azərbaycan neftinin dünya bazarına çıxarılmasının təmin edən sənəd olmaqla yanaşı, həm də onun iqtisadi müstəqiliyini təmin edən, siyasi müstəqilliyinin qarantı olan bir sənəd oldu.
Dünya devlərini müstəqilliyimizin qarantına çevirən strategiya...
1994-cü ilin 20 sentyabr müqaviləsinə əsasən dünyanın 7 böyük dövləti – ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı Azərbaycanla birlikdə neft hasilatında iştiak etməyə başladı. Bu məqsədlə Xəzər dənizindəki neft platformalarının inşasına milyardlarla manat xarici investisiya yatırıldı. Dünyada neft hasilatı ilə məşğul olan 13 böyük şirkət - «Amoco», BP, «McDermott», «Unocal», ARDNŞ, “LUKoil», «Statoil», «Ecson», “Türkiye Petrollari”, «Pennzoil», «Itochu», «Remco» və “Delta”nın ölkəmizin neft sektorunda fəaliyyətinə start verildi.
Dünya nəhənglərinin iqtisadi marağını təmin edən Azərbaycan bununla da həmin dövlətləri öz siyasi müstəqilliyinin qarantına çevrilməsini təmin etdi. Başqa sözlə desək, rəsmi Bakı uğurlu neft strategiyası sayəsində Qərbin aparıcı dövlətlərini Azərbaycanın müstəqilliyinin keşiyində dayanmağa vadar edə bildi.
0 başlanğıcdan milyardlıq büdcəyə doğru...
Müstəqilliyinin ilk illərində ciddi problemlərlə üzləşən, maliyyə yetərsizliyindən əziyyət çəkən Azərbaycanın 0 başlanğıcdan sonralar nəhəng layihə və quruculuq işləri görməyə imkan verən milyardlıq büdcəyə sahib olmasında da neft faktoru mühüm rol oynadı. Neft satışından əldə edilən vəsaitlər ölkəmizə daha praqmatiq iqtisadi siyasət yürütməyə, mühüm strateji sahələr olan ordu, təhsil, səhiyyə və s. sahələrə böyük vəsaitlər ayırmağa imkan verdi. Millət vəkili Elman Məmmədov saytımıza açıqlamasında həyata keçirilən neft strategiyasının Azərbaycanın simasını müsbət mənada tamamilə dəyişdiyini vurğuladı:
“Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən neft strategiyası Azərbaycana qısa zamanda iqtisadi müstəvidə dirçəlməyə, ciddi uğurlar əldə etməyə imkan verdi. Böyük ustalıqla həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan dövlət olaraq gücləndi, bütün istiqamət və sahələrdə əhəmiyyətli inkişaf və tərəqqiyə nail olundu. Və hər şeydən öncə ölkəmizin iqtisadi müstəqilliyi təmin olundu ki, bu da siyasi müstəqilliyimizin möhkəmlənməsində həlledici rol oynadı.
Düzgün neft strategiyası nəticəsində əldə edilən uğurlar, maliyyə vəsaiti qeyri-neft sektorunun inkişafına da milyonlarla manat kapital ayırmağa imkan verdi ki, bu da ölkə iqtisadiyyatının hərtərəfli inkişafı baxımından zəruri idi”.
Dövlət Neft Fondunun yaranma zərurəti...
Azərbaycan neftinin dünya bazarına çıxarılması ölkəyə ciddi maliyyə axınını təmin etsə də, bu maliyyənin səmərəli şəkildə idarə edilməsi məsələsini də qabardırdı. Məhz bu problemi həll etmək, neft pullarının optimal şəkildə idarə edilməsinə nail olmaq məqsədi ilə H.Əliyev 1999-cu il 29 dekabr tarixli 240 nömrəli fərmanı ilə Dövlət Neft Fondunu təsis etdi. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əsasnaməsi ölkə prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli fərmanı ilə təsdiq edildi. Sonrakı illərdə fəaliyyəti daha da təkmilləşdirilən Dövlət Neft Fondu yarandığı gündən bu günə kimi ölkə əhəmiyyətli bir çox layhələrin gerçəkləşməsində yaxından iştirak etmiş və bu gün də məlum tarixi missiyasını davam etdirməkdədir. Dövlət Neft Fondunun çoxşaxəli fəaliyyəti və bu fəaliyyətin önəmini dərk etmək üçün bəzi konkret faktlara nəzər salmaq kifayətdir.
Ölkə təhsilinə yatırılan kapital və məcburi köçkünlərə dəstək siyasəti...
ARDNF ölkə miqyaslı bir sıra layihələrin maliyyələşməsini həyata keçirir ki, bunlardan biri xaricdə təhsil alan tələbələrlə bağlıdır. Sevindirici haldır ki, ölkə xaricində təhsil alan tələbələrin önəmli bir qismi məhz Dövlət Neft Fondundan ayrılan vəsait hesabına oxuyur. Xatırladaq ki, 2007-cı il 16 aprel tarixli 2090 nömrəli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamının 2-ci bəndinə uyğun olaraq sözügedən Dövlət Proqramının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilmiş, xeyli sayda gənc məhz Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə təhsilini başa vurmuşdur.
Ölkə ərazisində müxtəlif infrastruktur layihələrinin reallaşmasında yaxından iştirak edən Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələrdən biri də məcburi köçkünlərlə bağlıdır. 2001-ci ildən etibarən erməni təcavüzü nəticəsində doğma torpaqlarını tərk edən məcburi köçkünlərin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Dövlət Neft Fondu çoxlu sayda hündürmərtəbəli və fərdi yaşayış evlərinin inşasını həyata keçirmiş, sosial-mədəni obyektlərin tikintisini təmin etmişdir. Məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən bir çox layihənin maliyyələşdirilməsi də məhz Dövlət Neft Fondu tərəfindən təmin olunmuşdur.
Dünyanın ən şəffaf 4 fondundan biri...
ARDNF milli neft strategiyasının mühüm tərkib hissəsi olduğu üçün bu fondun mədaxil və məxariclərinin, həyata keçirdiyi layihə və proyektlərin şəffaflığı, media və ictimaiyyətə açıq olması fondun xərclərinə, onların təyinatına nəzarət etmək, bu sahədə ictimai nəzarəti təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Hansı ki, ARDNF-də bu şəffaflığın yüksək səviyyədə təmin edilməsini göstərən bir çox faktlar mövcuddur ki, bu reallıq məlum sahədə dəyərləndirmə aparan xarici institut və tədqiqat mərkəzlərinin də hesabatında öz əksini tapır. Bircə onu xatırlatmaq kifayətdir ki, ARDNF Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb. Bu, ARDNF-dəki şəffaflığın digər fondlara nümunə olacaq səviyyədə təşkil edildiyini göstərir.
ARDNF qeyri-neft sektorunun inkişafının lokomotivi rolunda...
ARDNF-nin ən mühüm xidmətlərindən biri onun yürüdülən iqtisadi inkişaf siyasətinə uyğun olaraq qeyri-neft sektorunun inkişafında mühüm pay sahibi olmasıdır.
Qeyri-neft sektorunu inkişaf etdirmək məqsədi ilə ölkə başçısının 30 mart 2006-cı il tarixli sərəncamı ilə ARDNF-nun vəsaiti hesabına “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı formalaşdırılıb. Bu qurumun fəaliyyətinin kökündə qeyri-neft sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətlərin, kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, həmçinin səhmlərini almaqla müddətli investisiya qoyuluşu həyata keçirməkdir. Hansı ki, bu, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərməklə yanaşı, ARDNF-ə daxil olan vəsaitin səmərəli tətbiqi baxımından da olduqca uğurlu addımdır.
Ölkə başçısının qeyri-neft sektorunun inkişaf etdirilməsini həyati və bir nömrəli vəzifə kimi qarşıya qoyduğu indiki zamanda ARDNF-nin bu istiqamətdəki fəaliyətinin daha aktual olduğu inkaredilməzdir. Millət vəkili Rövşən Rzayev də saytımıza açıqlamasında ARDNF-nin məlum istiqamətdəki fəaliyyətinin böyük önəm daşıdığını qeyd etdi:
“Qeyri-neft sektorunun inkişafı ölkə başçısının qarşıya qoyduğu mühüm tələblərdən biridir və bu tələbin reallaşması istiqamətində ciddi addımlar atılır. Artıq müəyyən nəticələr də mövcuddur. Təbii ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi bəzi mühüm amillərlə yanaşı, həm də maliyyə ehtiyatı, investisiya tələb edir. Bu baxımdan ARDNF-nin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyi göstərməsi, bu sektora böyük kapital yatırması alqışlanandır. ARDNF-in bu dəstəyi qeyri-neft sektorunun daxili kapital hesabına inkişaf etdirilməsinə şərait yaradır ki, bu da ölkəmizin neftdən asılılığının azalması, iqtisadiyyatımızın çoxşaxəli inkişafı deməkdir”
Neft strateqlərinin gələcəyə qoyduğu sərmayə...
Ölkəmizin neft strateqlərinin ən mühüm xidmətlərdindən biri də onların gələcəyə böyük miqdarda sərmayə qoyması, bu məqsədlə həm ölkə daxilində, həm də ölkədən xaricdə bir çox önəmli layihələr həyata keçirməsidir. Hansı ki, bu layihələrdən əldə ediləcək vəsait Azərbaycana neft dönəmi bitəndən sonra belə ciddi miqdarda maliyyə axınını təmin edəcək ki, bu da gələcək nəsillərin sosial rifahı baxımından əhəmiyyətlidir. İqtisadçı-ekspert İlham Şaban SOCAR tərəfindən həyata keçirilən bu kimi layihələrin böyük önəm kəsb etdiyini vurğuladı:
“Ölkə xaricində reallaşdırılan bu cür layihələrin əhəmiyyəti böyükdür. Bir fakta nəzər salaq. SOCAR-ın Türkiyədəki layihələri işə düşəndən sonra gəlirlərinin 75%-i Azərbaycandan kənarda formalaşacaq. Ölkə daxilində neft hasilatı demək olar ki, ən aşağı həddə düşəndə xaricdəki layihələr hesabına faydalanacaq”.
İ.Şaban bu gün çox az sayda Azərbaycan şirkətinin ölkədən kənarda fəaliyyət göstərdiyini vurğuladı:
“Əslində ölkəmizdən kənarda işləyən Azərbaycan şirkətləri SOCAR-dan savayı tək-tükdür. Əgər onların sayı heç olmasa 10 iri şirkət səviyyəsində olsaydı, bu özü ölkə iqtisadiyyatı üçün böyük uğur olardı”.