oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Etik davranış qaydaları

Etik davranış qaydaları

Azərbaycan Respublikası Dövlət Neft Fondunun
İcraçı direktorunun 06 aprel 2022-ci il tarixli
07 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.


1.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun işçilərinin etik davranış qaydaları (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra “Fond”) işçilərinin (bundan sonra ismin müvafiq hallarında “işçi” və ya “işçilər”) etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı münasibətləri, Qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyəti, Fondun korporativ dəyərlərini və tələblərini müəyyən edir.

1.2. Qaydalar bütün işçilərə şamil edilir.

1.3. Hər bir işçi öz fəaliyyətində korporativ dəyərləri və etik normaları nümayiş etdirməklə, digər işçilərə nümunə olmalıdır.

1.4. İşçi tərəfindən Qaydaların tələblərinin pozulması, eləcə də digər işçilər tərəfindən həmin tələblərin pozulması hallarına göz yumulması inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, əmək intizamının pozulması kimi qiymətləndirilir və Qaydalarda nəzərdə tutulmuş intizam məsuliyyətinə səbəb olur.

1.5. İşçilər tərəfindən Qaydalara əməl olunmamasına və ya maraqların toqquşmasına yol verilməsi barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumat daxil olduqda, həmçinin kütləvi informasiya vasitələrində bu kimi məlumat dərc edildiyi halda, Fond tərəfindən həmin işçi barəsində olan şikayət və ya digər məlumat araşdırılır və lazımi tədbirlər görülür.

1.6. İşçilər dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətində bu Qaydaların tələblərinə əməl etməlidir.

1.7. Fonda işə qəbul edilən hər bir şəxs İnsan resursları departamenti tərəfindən yazılı təsdiq yolu ilə Qaydalarla tanış edilir.


2. Qaydaların məqsədi

2.1. Fondun aşağıdakı korporativ dəyərlərinin tətbiqinə nail olunması:

Dürüstlük – cəmiyyətin ən yüksək mənəvi dayaqları və etik prinsiplərinə güzəştsiz sadiq qalaraq daxili əminliklə həm doğru düşünmək, həm doğru danışmaq, həm də bunu davranış və əməllərdə əks etdirmək;

Hörmət – cəmiyyətin ən yüksək mənəvi dayaqları, etik prinsipləri və peşəkar normalarına riayət etməklə, fərqliliklərə və əks fikirlərə təmkin və diqqətlə yanaşmaq;

Nəticəyönümlü komanda işi – konkret nəticələrin əldə olunmasına yönələn səmimi və məhsuldar əməkdaşlıq etmək;

Məsuliyyətli təşəbbüskarlıq – Fondun məqsəd və missiyasından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün məsuliyyətin götürülməsinə və təşəbbüskarlığa cəsarətli yanaşmaq;

Şəffaflıq və hesabatlılıq – fəaliyyət çərçivəsində məlumatları bütün maraqlı tərəflərə tam, vaxtında və düzgün çatdırmaq və mütəmadi olaraq yeniləmək.

2.2. İşçilərdən gözlənilən davranış barədə onların məlumatlandırılması.

2.3. Qaydalara işçilər tərəfindən əməl olunmasının təmin edilməsi.


3. İş mühiti və iş şəraiti

3.1. Qərəzsizlik. İşçi vəzifə funksiyalarını yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, yaşına, mənşəyinə, əmlak vəziyyətinə, yaşayış yerinə, əqidəsinə, ictimai və digər birliklərə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. İşçi özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və qanunsuz müdaxilə cəhdlərinin qarşısını qətiyyətlə almalıdır.

3.2. Mədəni davranış. İşçi bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır. İşçi nitq mədəniyyətinə riayət etməli, ünsiyyət zamanı səbirlə dinləməli, təhqiredici və hədələyici ifadələr işlətməməli, insanların şərəf, ləyaqət və işgüzar nüfuzunu, o cümlədən hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, digər işçilərin xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı, onların fikirlərinə hörmətlə yanaşmalıdır. İşçi tərəfindən şayiələr, təhqiredici və alçaldıcı materiallar, eləcə də başqa işçilərin nüfuzuna ziyan vuran digər məlumatların yayılması qadağan edilir.

3.3. Zorakılıq və seksual qısnama. Fond daxilində zorakılıq təzahürü, o cümlədən fiziki, şifahi, yazılı və digər hədələr, cinsi təqib, seksual qısnama hesab olunan bütün fiziki hərəkətlər qəbuledilməzdir.

3.4. Spirtli içkilər və narkotik vasitələr. İşçilərin iş mühiti və şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də etika normaları və dəyərlərinin yerinə yetirilməsi məqsədilə, onlara spirtli içki, narkotik və qanunvericiliklə qadağan edilmiş digər maddələrin iş yerində və ya vəzifə borclarını yerinə yetirdikləri zaman qəbul edilməsi qəti qadağandır. Bununla əlaqədar, Fond daxilində spirtli içki, narkotik və qanunvericiliklə qadağan edilmiş digər maddələr istifadə etmək, həmçinin sərxoş vəziyyətdə və ya qadağan olunmuş maddələrin təsiri altında Fonda gəlmək qəti qadağan olunur.

3.5. Sağlamlıq, əməyin qorunması və təhlükəsizlik. Fond öz işçiləri üçün iş yerində daim sağlamlıq və təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasına çalışır, bununla yanaşı onlar üçün stabil və sağlam həyat tərzini, həmçinin iş prosesində müvəffəqiyyəti təmin edən fiziki və psixoloji iş mühiti yaratmaq məqsədini güdür. Peşə sağlamlığı işçilərin işdə yüksək məhsuldarlıq göstərməsinin ən mühüm amillərindəndir.

3.6. İş yerində qaydaların pozulması halları. Fonda aid məlumatların, maliyyə vəsaitlərinin, rabitə, kompüter, digər kommunikasiya sistemlərinin, nəqliyyat vasitələrinin və digər maddi-texniki təchizat avadanlıqlarının şəxsi maraqlar naminə, habelə xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün icazəsiz şəkildə istifadə etməsi və ya oğurlanması qadağandır. İşçilərə aid məlumatlardan icazəsiz istifadə edərək dəyərləndirmə nəticəsini yaxşılaşdırmaq və bu kimi şəxsi məqsədlər üçün istifadə, Fondun adından və loqosundan şəxsi məqsədlər üçün sui-istifadə etmək və onun əleyhinə fəaliyyət göstərmək yolverilməzdir. İş mühitinə ziyan vuran fəaliyyətlərlə məşğul olmaq, Fondun imkanlarından və iş vaxtından şəxsi məqsədlər üçün istifadə etmək qadağandır.

3.7. Peşəkarlıq və səriştəlilik. Fond işçilərin bilik və bacarıqlarını daim inkişaf etdirmələrini, ixtisas artımı etmələrini, özlərini təkmilləşdirmələrini və vəzifə funksiyalarına aid məsələlərlə bağlı yenilikləri izləmələrini, qabaqcıl dünyagörüşünə malik olmalarını təşviq edir və dəstəkləyir.

3.8. Şikayətlərin bildirilməsi. Qaydaların tələblərinin pozulması hallarının işçilər tərəfindən bildirilməsi çox vacibdir. Pozuntu halları müvafiq struktur bölmənin rəhbərinə və ya Qaydalar üzrə məsul şəxsə bildirilməlidir.

3.9. Açıq ünsiyyət. Fond işinin keyfiyyətinin artırılması, komanda ruhu və yüksək nəticələrin əldə edilməsi məqsədi ilə açıq ünsiyyəti təşviq edir. Fond işçilərin işlə əlaqədar narahatçılıqlarını və təkliflərini birbaşa öz rəhbərlərinə bildirmələrini dəstəkləyir. Birbaşa rəhbər məsələ ilə bağlı uyğun şəxs olmadıqda işçi aidiyyəti rəhbərə, İnsan resursları departamentinə və ya yuxarı rəhbərinə narahatçılığını və ya təkliflərini bildirə bilər. Rəhbərlər hər zaman iş yerində işçilərin şifahi və ya yazılı müraciətlərini dinləməyə hazır olmalıdırlar.


4. Rəhbər vəzifə tutan işçilərin etik davranışına əlavə tələblər

4.1. Rəhbər vəzifə tutan işçi:

4.1.1. rəhbərlik etdiyi struktur bölmənin daxilində yaranan ixtilaf və konfliktlərin qarşısını vaxtında almalı, işçilər arasında xoş işgüzar münasibətlərin təmin edilməsi üçün müvafiq tədbirlər görməli;

4.1.2. tabelikdə olanların bilik və bacarıqlarını nəzərə almaqla onların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli, onlara icrası mümkün olmayan tapşırıqlar verməməli;

4.1.3. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik problemlər barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;

4.1.4. bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;

4.1.5. tabelikdə olanların bilik, bacarıq və şəxsi keyfiyyətlərini nəzərə alaraq onların vəzifədə irəli çəkilmələri üçün bərabər imkanlar yaratmalı;

4.1.6. tabelikdə olanları hüquqa vəhamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlər (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməli;

4.1.7. tabelikdə olanların Qaydalara əməl etmələrinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;

4.1.8. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;

4.1.9. subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkiliyə yol verməməli, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;

4.1.10. tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı, onlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməlidir.


5. Maraqların toqquşması

5.1. Maraqların toqquşması – işçinin, onun yaxın qohumlarının (ər-arvad, onların babaları, nənələri, valideynləri, övladlığa götürənləri, doğma və ögey qardaşları və bacıları, uşaqları, nəvələri), təsisçilik və asılılıq münasibətləri olanlarının şəxsi maraqlarının Fondun maraqlarına zidd olan və ya zidd ola bilən və onun və ya yaxın qohumlarının şəxsi və ya maddi maraqlarına toxunan yaxud toxuna bilən qərarların qəbul edilməsi, belə qərarların qəbulunda iştirak və ya vəzifə səlahiyyətləri ilə bağlı digər hərəkətlərin edilməsi, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.

5.2. İşçi vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə yol verməməli, vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, Fondun maraqlarını öz şəxsi maraqlarından üstün tutmalı və maraqların toqquşmasına gətirən və ya gətirə biləcək hərəkətlərə yol verməməlidir.

5.3. Maraqların toqquşması hallarının yarana biləcəyini və ya yarandığını (potensial və ya faktiki maraqların toqquşması) bildiyi andan işçi dərhal bu haqda özünün birbaşa rəhbərinə və Qaydalar üzrə məsul şəxsə aşağıdakı məlumatları yazılı şəkildə təqdim etməyə borcludur:

işçinin adı, soyadı, atasının adı, vəzifəsi və struktur bölməsi;

potensial və ya faktiki maraqların toqquşmasının məzmunu.

5.4. Maraqların toqquşması barədə məlumat verilmiş rəhbər maraqların toqquşmasının qarşısının alınması və ya nizamlanması istiqamətində öz səlahiyyətləri daxilində işçinin maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək vəzifə funksiyalarının digər işçilərə həvalə edilməsi və ya bu vəzifə funksiyalarının dəyişdirilməsi üçün tədbirlərin görülməsini təmin etməlidir.

5.5. Qaydaların 5.3-cü bəndində qeyd olunan müvafiq struktur bölmənin rəhbərinin və Qaydalar üzrə məsul şəxsin əldə etdiyi maraqların toqquşması haqqında məlumatlar konfidensialdır və digər işçilərə və üçüncü şəxslərə açıqlana bilməz.

5.6. Maraqların toqquşmasını üzə çıxarmaq üçün hər bir konkret hal fərdi qaydada, bütün mövcud şəraitlər nəzərə alınmaqla araşdırılmalıdır.

5.7. Fondun rəhbər işçilərinin yaxın qohumları bilavasitə onların tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu bəndin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 təqvim günü müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmalı, tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

5.8. Maraqların toqquşması hallarının yaranması riskini minimuma endirmək üçün işçilər:

  • hər hansı işgüzar məsələlərlə bağlı qərarların qəbul edilməsi və öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində yalnız Fondun maraqlarını rəhbər tutmalı;
  • maraqların toqquşmasına gətirə bilən maliyyə və digər öhdəliklərdən çəkinməli;
  • Fondun işgüzar maraqları ilə ziddiyyətə, potensial maraqların toqquşmasına gətirə bilən şəxsi maraqları haqqında məlumatı açıqlamalı;
  • xidməti vəziyyətin şəxsi maraqlar üçün istifadə edilməsinə yol verməməlidir.


6. Konfidensiallıq

6.1. Fondun fəaliyyətinin həyata keçirilməsi üçün yaradılan və ya istifadə olunan bütün şifahi, yazılı və ya elektron məlumatlar Fondun şəxsi məlumatları sayılır. Bu məlumatlar Fondun mülkiyyəti hesab olunur və buna görə də konfidensial, düzgün və etibarlı şəkildə saxlanılmalı, təsadüfi və ya qərəzli şəkildə açıqlanmaqdan, dəyişdirilməkdən və ya məhv edilməkdən qorunmalıdırlar. Fondun fəaliyyəti ilə bağlı konfidensial məlumatlar qorunmalı, onlardan yalnız Fondun məqsədləri üçün istifadə edilməli və yalnız aidiyyəti olan tərəflərə açıqlanmalıdır.

6.2. Fondun işçisi xidməti fəaliyyəti zamanı, eləcə də xidməti fəaliyyəti başa çatdıqdan sonra əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməli və işlədiyi sənədlərin Fonddan kənar şəxslərin əlinə keçməsinin qarşısını almalıdır.

6.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, işçilər xidməti vəzifələrinin icrası zamanı və digər işçilərin şəxsi məlumatları, şərəf və ləyaqəti barədə onlara məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidirlər.

6.4. KİV-lərdən daxil olan sorğular yalnız Fondun İctimaiyyətlə əlaqələr departamenti tərəfindən cavablandırılır. Fondun fəaliyyəti ilə bağlı konfidensial məlumatların yayılmasının qarşısını almaq məqsədilə digər üçüncü tərəflərdən müraciət və sorğuların cavablandırılması Fondun İnformasiya siyasətinə uyğun olaraq həyata keçirilir.


7. Korrupsiyanın qarşısının alınması

7.1. Fondda hər hansı bir sövdələşmə və ya əməliyyatda pul və sair formada rüşvətin alınması və ya verilməsi/təklif edilməsi, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) və qərarların qəbul edilməsi, öz məqsəd və mənafeyi üçün digər işçilər və ya şəxslərin onların hər hansı hərəkətinə görə təhdid edilməsi, irəli çəkilməsi, mükafatlandırılması, işçinin vəzifələrinin icrası müqabilində üçüncü şəxslər tərəfindən mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələrin özü və ya digər şəxslər üçün tələb edilməsi/qəbul edilməsi, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yolların axtarılması, kənar vasitəçilərin bu məsələyə müdaxiləsinə şəraitin yaradılması qadağandır. İşçiyə qanunsuz maddi, qeyri-maddi nemətlər (o cümlədən hədiyyələr), imtiyazlar və ya güzəştlər təklif olunduğu, yaxud vəd edildiyi hallarda (“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur), işçi onlardan imtina etməlidir. Əks halda bu barədə birbaşa rəhbərinə məlumat verməlidir. İşçi kiçik hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

7.2. İşçi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş məbləğdən yuxarı olan hədiyyəni hər hansı bir işçidən asılı olmayan səbəbdən qəbul etmişdirsə, bu cür hədiyyələr Fonda məxsus hesab edilir və aidiyyəti şəxslərə təhvil verilməlidir.


8. İctimai və siyasi fəaliyyət

8.1. İşçinin dini və ya siyasi fəaliyyəti, yaxud dini və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirməsinə ictimai şübhə doğurmamalıdır.

8.2. İşçi qulluq mövqeyindən istifadə edərək digər işçiləri siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

8.3. İşçiyə Fondun daxilində siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların birliklərinin yaradılması və ya yaradılmasına yardım etmək qadağandır.

8.4. İşçi onun xidməti vəzifəsinə aid olmadığı hallarda Fondun, onun rəhbərliyinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu hal işçinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

8.5. İşçi onun adına xələl gətirə biləcək, habelə Fondun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.


9. Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi

9.1. İşçi birbaşa və ya yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmr, sərəncam və tapşırıqları yerinə yetirməyə borcludur.

9.2. İşçi əmr, sərəncam və tapşırığın qanunvericiliyə zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, işçi onların qanunvericiliyə zidd olmasına inanmaqda davam edərsə, o, həmin tapşırığın yerinə yetirilməsindən imtina edə bilər, lakin bu halda da öz hərəkətini əsaslandırmalıdır.


10. Ətraf mühit

10.1. Fond ətraf mühitin qorunması və ekologiya üzrə norma və qaydaların yerinə yetirilməsinə dair tələblərə riayət edir, habelə Fondun fəaliyyətinin cəmiyyətə, təbiətə və ətraf mühitə mənfi təsirinin azaldılması üzrə bütün mümkün cəhdləri və tədbirləri yerinə yetirir.

10.2. Fond ətraf mühitin qorunması üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və qabaqcıl dünya təcrübəsinə əsaslanır. Bu səbəbdən, Fond öz işçilərinə aşağıdakı davranışları tövsiyə edir:

10.2.1. xidməti vəzifələrini ətraf mühiti düşünərək yerinə yetirmək;

10.2.2. materiallardan təkrar istifadə yolu ilə tullantıları azaltmaq;

10.2.3. resurslardan və materiallardan (su, işıq, ofis ləvazimatı və s.) səmərəli istifadəni təmin etmək;

10.2.4. ətraf mühitin korlanmasına mümkün qədər az təsir göstərən resurslardan istifadə etmək.


11. Qaydalara əməl olunmasına nəzarət

11.1. Qaydalara əməl olunmasına cari nəzarət Fondun İcraçı direktoru tərəfindən tabeçilik əsasında, Fondun struktur bölmələrinin rəhbərləri tərəfindən isə xidməti qaydada həyata keçirilir.

11.2. Qaydalar üzrə məsul şəxs Qaydalara əməl olunmasına ümumi nəzarəti həyata keçirir.

11.3. Qaydalar üzrə məsul şəxs Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və onların tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı vəzifələri yerinə yetirir:

11.3.1. Qaydalara dair izah (rəy) vermək və Qaydaların pozulmasının qarşısının alınması və aradan qaldırılması məqsədilə Qaydalara əməl edilməsi barədə tövsiyələr vermək;

11.3.2. işçilərdən və digər şəxslərdən Qaydaların tələblərinin pozulması ilə bağlı şikayətləri və məlumatları qəbul etmək, onların araşdırılmasını təmin etmək;

11.3.3. Qaydaların tələblərinin pozulması ilə bağlı daxil olan şikayət və məlumatlardan, aparılmış araşdırmalardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar vermək;

11.3.4. Fondda Qaydalara əməl edilməsi vəziyyətini öyrənmək və bu barədə məlumatları ümumiləşdirmək;

11.3.5. Qaydaların pozulması halları ilə bağlı il ərzində həyata keçirilmiş tədbirlər barədə həmin ilin 20 dekabr tarixinədək İcraçı direktora hesabat təqdim etmək.

11.4. Qaydaların 11.3.5-ci bəndində nəzərdə tutulmuş hesabatda işçilərin Qaydalara riayət etmə vəziyyəti, etik davranış sahəsində həyata keçirilən maarifləndirmə, araşdırma, daxil olmuş müraciətlərə baxılması vəziyyəti, Qaydaların pozulmasının aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər və Qaydaların tətbiqi ilə bağlı digər məsələlərə dair məlumatlar öz əksini tapır.


12. Qaydaların pozulması ilə bağlı müraciətlər

12.1. İşçinin Qaydaların tətbiq edilməsi ilə hər hansı sualı yarandıqda bu barədə birbaşa rəhbərinə, İnsan resursları departamentinə və ya Qaydalar üzrə məsul şəxsə şifahi və ya yazılı şəkildə müraciət edə bilər.

12.2. Qaydaların pozulması ilə bağlı müraciətlər yazılı formada Qaydalar üzrə məsul şəxsə təqdim edilir. Qaydaların pozulması ilə bağlı müraciətlər dərhal qəbul edilməli və həmin gün qeydiyyata alınmalıdır.

12.3. Qaydalar üzrə məsul şəxs Qaydaların pozulması ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını qorumalıdır.

12.4. İşçi Qaydaların pozulması ilə bağlı ona məlum olan hərəkətlər (hərəkətsizliklər) haqqında birbaşa və ya yuxarı rəhbərinə, yaxud Qaydalar üzrə məsul şəxsə məlumat verməlidir.

12.5. Qaydalara əməl olunmaması ilə bağlı məlumat verən şəxslərə hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilir.


13. Araşdırmanın aparılması qaydası

13.1. Qaydaların pozulması ilə bağlı müraciətlərə Qaydalar üzrə məsul şəxs tərəfindən 10 iş günü müddətində baxılır.

13.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada baxılır.

13.3. Qaydaların pozulması ilə bağlı araşdırma prosesinə aidiyyəti struktur bölmələrdən konfidensiallığı qorumaq şərti ilə mütəxəssislər cəlb edilə bilər.

13.4. Araşdırma aparılarkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv baxılmalıdır.

13.5. Barəsində araşdırma aparılan işçinin aşağıdakı hüquqları vardır:

13.5.1. araşdırmanın materialları ilə tanış olmaq;

13.5.2. araşdırmanı həyata keçirən Qaydalar üzrə məsul şəxsin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran əsas varsa ona yazılı etiraz etmək;

13.5.3. araşdırmada iştirak etmək, izahat, vəsatət, sənədlər, şahidlər və digər sübutlar təqdim etmək;

13.5.4. araşdırmanın nəticəsi barədə yazılı məlumat almaq;

13.5.5. araşdırmanın nəticəsindən narazı olduğu halda Fondun İcraçı direktoruna və ya məhkəməyə müraciət etmək.

13.6. Qaydalar üzrə məsul şəxs Qaydaların pozulması ilə bağlı araşdırmanın nəticəsində barəsində araşdırma aparılan işçinin intizam məsuliyyətinə cəlb edilməsi qənaətinə gəlmədikdə ona bu barədə yazılı məlumat verir.

13.7. Qaydalar üzrə məsul şəxs Qaydaların pozulması ilə bağlı araşdırmanın nəticəsində barəsində araşdırma aparılan işçinin intizam məsuliyyətinə cəlb edilməsi qənaətinə gəldikdə araşdırmanın materiallarını baxılması və müvafiq qərarın qəbul edilməsi üçün müşayiət məktubu ilə Fondun Etik davranış qaydaları üzrə Komissiyasına təqdim edir.


14. Etik davranış qaydaları üzrə Komissiya

14.1. Etik davranış qaydaları üzrə Komissiyanın (bundan sonra – Komissiya) tərkibi və Komissiyanın katibi Fondun İcraçı direktoru tərəfindən müəyyən edilir.

14.2. Komissiyanın iclasları Komissiyanın üzvlərinin azı üçü, o cümlədən Komissiyanın sədri iştirak etdikdə səlahiyyətli sayılır.

14.3. Komissiya Qaydalar üzrə məsul şəxs tərəfindən təqdim olunmuş materialları 5 iş günü müddətində araşdırır və qərarını Komissiyanın sədrinin imzaladığı protokolla rəsmiləşdirir.

14.4. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

14.5. Barəsində araşdırma aparılmış işçinin intizam məsuliyyətinə cəlb edilməsi məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın qərarı İcraçı direktora təqdim edilir.

14.6. Barəsində araşdırma aparılmış işçinin intizam məsuliyyətinə cəlb edilməsi məqsədəuyğun hesab edilmədikdə, bu barədə Komissiyanın qərarı Qaydalar üzrə məsul şəxsə təqdim edilir.

14.7. Komissiyanın katibi Komissiyanın iclaslarının təşkili və işinin əlaqələndirilməsi üçün aşağıdakı vəzifələri yerinə yetirir:

14.7.1. Komissiyanın üzvlərini iclasın tarixi, yeri, gündəliyi barədə məlumatlandırır;

14.7.2. Komissiyanın iclasının protokolunu tərtib edir;

14.7.3. Komissiyanın qəbul etdiyi qərarları aidiyyatı üzrə göndərir;

14.7.4. Komissiyanın fəaliyyəti ilə bağlı təşkilati, kargüzarlıq və digər işləri yerinə yetirir.

14.8. Komissiya bilavasitə Fondun İcraçı direktoruna tabedir və onun qarşısında hesabat verir.


15. Qaydaların pozulmasına görə məsuliyyət

15.1. İşçi tərəfindən Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur.

15.2. İşçi Qaydaların tələblərini pozduqda Fondun İcraçı direktoru ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

15.2.1. töhmət vermək;

15.2.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

15.2.3. kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

15.2.4. əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

15.3. Qaydaların hər hansı müddəasının pozulmasına görə intizam tənbeh tədbiri tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:

15.3.1. müddəanın pozulmasının dərəcəsi;

15.3.2. müddəanın pozulmasının Fondun işinin effektivliyinə və nüfuzuna təsiri;

15.3.3. işçinin əmək fəaliyyəti;

15.3.4. işçi barədə qüvvədə olan intizam tənbeh tədbiri;

15.3.5. araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici (ağırlaşdırıcı) hal.