Yaradıldığı gündən etibarən həyata keçirdiyi şəffaf fəaliyyəti nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) beynəlxalq birlikdə etibarlı tərəfdaş kimi yüksək nüfuz əldə etmiş və ARDNF-nin fəaliyyəti dünyanın bir çox nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
İyunun 26-29-da BMT-nin Vyanadakı qərargahında "Hökumətə inamın bərpası" mövzusunda 7-ci Qlobal Forum keçirilmişdir. Forum çərçivəsində iyun ayının 26-da keçirilmiş 2007-ci il üçün BMT-nin Dövlət Qulluğu mükafatlarının təqdimetmə mərasimində "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafat BMT baş katibinin müavini Asa-Roze Migiro tərəfindən ARDNF-nin icraçı direktoru Şahmar Mövsumova təqdim edilmişdir.
Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. BMT Baş Assambleyasının 2003-cü il martın 7-də təsdiq etdiyi Qətnaməyə müvafiq olaraq hər il iyunun 23-ü BMT Dövlət Qulluğu Günü kimi qeyd olunur.
ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur.
2003-cü ildə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan Azərbaycan bu sahədə bir çox “ilk”ləri həyata keçirən ölkədir. 2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edildi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv satusunu almış ilk ölkə oldu. Kofransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.