oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2003-cü ilin yanvar-sentyabr ayları üçün gəlir və xərclər barədə açıqlama )

30 Jul 2003 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2003-cü ilin yanvar-sentyabr ayları üçün gəlir və xərclər barədə açıqlama )

30 Jul 2003 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, cari ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun gəlirləri 1460,0 milyard manat, xərcləri 982,6 milyard manat təşkil etmişdir.

Ötən doqquz ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1325,3 milyard manat, o cümlədən mənfəət neftinin satışından 653,7 milyard manat, akrhesabı ödənişlərdən 63,1 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 48,1 milyard manat, bonus ödənişlərindən 559,8 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 0,6 milyard manat təşkil etmişdir. Bonus ödənişlərindən daxil olan gəlirlərin 320,7 milyard manatını Azərbaycan Respublikasının Milli Bankında saxlanılan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsinin maliyyələşdirilməsi çərçivəsində ödənilmiş vəsait, 239,1 milyard manatını isə Lukoyl (Rusiya) şirkətinin D-222 Bloku üzrə kontrakt ərazisinin artırılmasına görə bonus ödənişi təşkil edir. 2003-cü ilin yanvar-sentyabr aylarında Neft Fondunun vəsaitinin idarə olunmasından 134,7 milyard manat gəlir əldə edilmişdir.

2003-cü ilin yanvar-sentyabr aylarında Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562N-li, 07 sentyabr 2001-ci il tarixli 577N-li və 13 may 2002-ci il tarixli 700N-li Fərmanlarının icrasına uyğun olaraq, habelə Neft Fondunun 2003-cü il büdcəsinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 76,2 milyard manat Azərbaycan Respublikası qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında ödənilmiş, 574,6 milyard manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac Boru kəməri layihəsinin maliyyəşdirilməsinə yönəldilmiş, 320,0 milyard manat dövlət büdcəsinə transfer edilmişdir. Ötən 9 ay ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,8 milyard manat olmuş, mənfəətdən vergi kimi dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi isə 9 milyard manat təşkil etmişdir.

2003-cü il yanvarın 01-nə 3 trilyon 387,3 milyard manat (təqribən 692 milyon ABŞ dolları) təşkil etmiş Neft Fondunun vəsaiti 2003-cü ilin oktyabr ayının 1-nə 3 trilyon 864,7 milyard manata (təqribən 787,1 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol