Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, cari ilin altı ayı ərzində Neft Fondunun gəlirləri 1142,8 milyard manat, xərcləri 687,5 milyard manat təşkil etmişdir.
Ötən altı ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1008,3 milyard manat, o cümlədən mənfəət neftinin satışından 364,0 milyard manat, akrhesabı ödənişlərdən 58,0 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən tranzit haqqından 25,9 milyard manat, bonus ödənişlərindən 559,8 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 0,6 milyard manat təşkil etmişdir. Bonus ödənişlərindən daxil olan gəlirlərin 320,7 milyard manatını Azərbaycan Respublikasının Milli Bankında saxlanılan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi çərçivəsində AzBTC Co. törəmə şirkətində olan səhmlərinin ödənilməsi vəsaiti, 239,1 milyard manatını Lukoyl (Rusiya) şirkətinin D-222 Bloku üzrə kontrakt ərazisinin artırılmasına görə bonus ödənişi təşkil edir. 2003-cü ilin birinci yarımilində Neft Fondunun vəsaitinin idarə olunmasından 134,5 milyard manat gəlir əldə edilmişdir.
Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 62,0 milyard manat Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 N-li, 07 sentyabr 2001-ci il tarixli 577 N-li və 13 may 2002-ci il tarixli 700 N-li Fərmanlarının, habelə Neft Fondunun 2003-cü il büdcəsinin icrasını təmin etmək məqsədi ilə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2003-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında ödənilmiş, 483,6 milyard manat Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan BTC Co Şirkətinin iştirak payının maliyyələşdirilməsinə yönəldilmiş, 140,0 milyard manat isə investisiya və sosial layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə transfer edilmişdir. 2003-cü ilin altı ayında Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 1,9 milyard manat olmuşdur.
2003-cü il yanvarın 01-nə 3 trilyon 387 milyard manat (təqribən 692 milyon ABŞ dolları) təşkil etmiş Neft Fondunun vəsaiti 2003-cü ilin iyul ayının 01-nə 3 trilyon 836 milyard manata (təqribən 780 milyon ABŞ dolları) bərabər olmuşdur.