İlk əvvəl icazə verin Azərbaycana təşrif buyurmuş cənab Corc Sorosu xüsusi salamlayım və ona regionumuza bu vacib səfərində uğurlar arzulayım. Fürsətdən istifadə edərək, cənab Sorosu səfərində müşayiət edən həmkarlarını və Azərbaycanın neft gəlirlərinin istifadə edilməsi məsələsinə maraq göstərərək uzaq məsafədən Bakıya gəlmiş bütün qonaqları da səmimi salamlayıram.
Zəngin təbii ehtiyatlara malik ölkələrdə gəlirlərin səmərəli istifadə edilməsi mövzusu hər zaman aktuallıq kəsb etmiş, ictimaiyyətin və tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Son zamanlar Azərbaycan və Qazaxıstan tərəfindən neft fondlarının yaradılması ilə bu maraq daha da artmış və nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə də fəal müzakirə obyektinə çevrilmişdir. İki həftə öncə Vaşinqtonda keçirilmiş konfransın davamı olan və Azərbaycanla Qazaxıstanın neft gəlirlərinin idarə edilməsinə həsr olunmuş bugünkü tədbir bunun daha bir təzahürüdür. Bu da sözsüz ki, dünyada gedən qloballaşma proseslərinin dərinləşməsi ilə bağlıdır. Azərbaycan hökuməti bu cür müzakirələri təbii və faydalı hesab edərək hər zaman onlarda iştirak etmək hazırlığını bildirmişdir. Eyni zamanda, hər bir xalqın bu kimi taleyüklu məsələlərdə, sözsüz ki, beynəlxalq təcrübəni nəzərə alaraq, öz müstəqil seçimini etmək hüququ vardır. Azərbaycan xalqı öz fundamental seçimini artıq etmişdir ki, bu da ictimai həyatın bütün sahələrinin demokratikləşməsindən və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsindən ibarətdir. Müvafiq olaraq, Azərbaycan Respublikasının neft sərvətlərindən istifadə edilməsi üzrə siyasəti də məhz xalqın iradəsinə əsaslanan demokratik dəyərlər üzərində qurulmuşdur.
Bu gün neft sərvətlərindən necə istifadə etmək və neft gəlirlərini necə xərcləmək mövzusunda çox danışılır və müzakirələr aparılır. Lakin bu sərvətlərin hansı çətinliklər və əziyyətlər hesabına başa gəldiyi heç də hər zaman yada düşmür. Azərbaycan dünyada ilk neft hasil edən ölkə olduğu halda Azərbaycan xalqı öz təbii sərvətlərindən bəhrələnmək imkanını yalnız 90-cı illərin əvvəlində öz müstəqilliyini bərpa etdikdən sonra əldə etmişdir. Lakin hətta müstəqillik şəraitində belə buna nail olmaq heç də asan başa gəlməmişdir. 1994-cü ildə dünyanın bir qrup ən nüfuzlu şirkətləri ilə ilk neft sazişinin imzalanması ölkə rəhbərliyindən son dərəcə böyük iradə və əzm tələb edirdi. Bu elə bir vaxt idi ki, bir sıra nüfuzlu dövlətlər Azərbaycan xalqının öz neft sərvətlərinə hüquqlarını belə tanımaq istəmirdi və bu hüquqların həyata keçirilməsinə hər vəchlə mane olurdu. Və yalnız Prezident Heydər Əliyevin yüksək siyasi məharəti və nəhəng səyləri nəticəsində bunu etmək mümkün olmuşdur. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində 1994-1997-ci illərdə ölkənin neft-qaz sənayesinin dirçəldilməsinin və beləliklə də xalqımızın neft gəlirlərindən faydalanmasının əsasları qoyulmuşdur. Xarici şirkətlərlə neft sazişlərinin imzalanması ilə bağlı ölkəyə daxil olan və məhz indiki Neft Fondunun sələfi olan həmin gəlirlər qısa müddət ərzində makroiqtisadi sabitliyə nail olmağa, xarici ticarət və valyuta rejimlərini liberallaşdırmağa, milli valyutanın tam daxili dönərliliyini təmin etməyə imkan vermişdir. Məlum olduğu kimi, bu amillər hər hansı ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması üçün həlledici əhəmiyyət daşıyır.
1999-cu ilin sonunda ilk mənfəət neftinin alınması ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması barədə qərar qəbul edilmişdir. Təəssüflər olsun ki, «Neft Fondu» məfhumunun özü belə bəzən neft hasil edən ölkələrin mənfi təcrübəsi ilə assosiasiya olunur. Xüsusi ilə xaricdə yerləşən və Azərbaycanın coğrafi mövqeyi barədə belə az təsəvvürü olan dairələr tərəfindən bu cür münasibətin bəslənilməsinə kifayət qədər tez-tez rast gəlinir. Hesab edirik ki, mövcud mənfi təcrübələrin təkrar edilməməsi son dərəcə vacibdir, lakin, eyni zamanda, biz heç bir əsası olmayan paralellərin aparılmasına da qarşıyıq. Azərbaycan hökuməti Neft Fondunun yaradılması ilə yalnız neft gəlirlərinin toplanması və səmərəli istifadə edilməsi, makroiqtisadi balansın və maliyyə intizamının qorunması, gələcək nəsillər üçün ehtiyat vəsaitin yaradılması kimi məqsədləri daşımamış, eyni zamanda neft gəlirlərinin idarə edilməsi sahəsində şəffaflığın və açıqlığın təmin edilməsi zərurətindən çıxış etmişdir.
2001-ci ildə bir sıra əsas tənzimləyici normativ-hüquqi sənədlərin, o cümlədən Neft Fondu haqqında Əsasnamənin, investisiya və büdcə Qaydalarının qəbul edilməsindən sonra Fond əməli fəaliyyətə başlamışdır. Ötən iki il ərzində, toplanmış daxili və beynəlxalq təcrübənin öyrənilməsi əsasında, Fondun normativ bazasının yaradılması üzrə mühüm işlər görülmüşdür. Neft Fondunun normativ bazasının təkmilləşdirilməsi üzrə işlər bugün də davam edir. Bu da Azərbaycan inkişaf etməkdə olan gənc dövlət olduğundan tamamilə təbiidir. Bu yaxınlarda Neft Fondunun fəaliyyəti və xərcləri ilə bağlı «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, Neft Fondunun büdcəsi icmal dövlət büdcəsi çərçivəsində parlamentin müzakirəsinə çıxarılacaqdır. Parlament tərəfindən icmal büdcənin xərclərinin və kəsirinin yuxarı həddi təsdiq ediləcəkdir. Neft Fondunun gəlirləri icmal büdcənin kəsiri hesablanarkən nəzərə alınmayacaqdır. Qanunla həmçinin təsbit edilmişdir ki, Neft Fondunun bütün xərcləri parlamentin müzakirəsinə təqdim ediləcək Dövlət İnvestisiya Proqramı çərçivəsində olacaqdır. Parlament nəzarəti funksiyalarını həyata keçirən və hökumətə tabeçiliyi olmayan Hesablama Palatası tərəfindən Neft Fondunun maliyyə fəaliyyətinin auditi aparıla biləcəkdir.
Bütün bunlar Neft Fondunun fəaliyyəti və xərcləri üzərində parlament nəzarətinin olmaması barədə sərbəst yozumlara və spekulyasiyalara birdəfəlik son qoymuşdur. Əfsuslar olsun ki, bu real əsaslara söykənməyən uydurulmuş problemin şişirdilməsində Beynəlxalq Valyuta Fondunun rolu da az olmamışdır. Sirr deyil ki, Beynəlxalq Valyuta Fondu təbii ehtiyat fondlarının yaradılmasını alqışlamır. Halbuki, geniş dünya ictimaiyyəti bu təcrübəni lazımlı və məqsədəmüvafiq hesab edir. Bu gün təqdimatı keçirilən və Soros Fondunun maliyyə dəstəyi ilə Açıq Cəmiyyət İnstitutu tərəfindən hazırlanmış «Xəzərin neft sərvətləri:kim bəhrələnəcək?» tədqiqatına ön söz yazmış, beynəlxalq maliyyə təşkilatlarını çox yaxından tanıyan və bu sahədə görkəmli mütəxəssis sayılan cənab Stiqlits də məsələləri məhz bu yöndən şərh edir.
Parlament nəzarətinin təmin edilməsi ilə yanaşı, Neft Fondunun maliyyə hesabatları hər il nüfuzlu beynəlxalq auditor şirkətləri tərəfindən yoxlanılır. Son iki maliyyə ili üzrə Neft Fondunun fəaliyyəti məşhur «Ernst ənd Yanq» auditor şirkəti tərəfindən yoxlanılmışdır. Auditin tam hesabatları Fondun internet səhifəsində yerləşdirilmişdir və ölkə daxilində və xaricində hər kəs üçün açıqdır.
Neft Fondunun inkişaf perspektivlərinə gəlincə hesab edirik ki, Fondun fəaliyyəti üçün ən vacib məsələlərdən biri neft sərvətlərinin idarə edilməsinin uzunmüddətli konsepsiyasının hazırlanmasıdır. Neft gəlirlərinin gələcək 20 il ərzində xeyli artacağını nəzərə alaraq, «daimi gəlir» modelinin tərtibini və ən yaxın zamanda həyata keçirilməyə başlanılmasını xüsusi ilə vacib hesab edirik. Bu istiqamətdə, sözsüz ki, beynəlxalq maliyyə təşkilatları, və ilk növbədə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə, habelə aparıcı təhlil mərkəzləri ilə əməkdaşlıq etməyimiz zəruridir. Azərbaycanda neft gəlirlərinin şəffaflığının təmin edilməsi sahəsində işlərin davam etdirilməsini də prioritet istiqamət hesab edirik. Bununla bağlı, Azərbaycan Respublikası Böyük Britaniya hökuməti tərəfindən irəli sürülmüş hasiledici sənaye sahələrinin şəffaflığı təşəbbüsünə qoşulmaq imkanlarını nəzərdən keçirir. Neft Fondunun vəsaitlərinin idarə edilməsi məsələsinə də xüsusi diqqət yetirilir. Belə ki, Neft Fondunun bu sahədə potensialının gücləndirilməsi məqsədi ilə ABŞ hökumətinin Ticarət və İnkişaf Agentliyinə Fonda xüsusi texniki yardımın göstərilməsi barədə müraciət olunmuş və hal-hazırda göstəriləcək yardımın texniki şərtləri müzakirə edilməkdədir. Biz həmçinin, və ilk növbədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi hesabına, ictimaiyyətin Neft Fondunun fəaliyyəti barədə məlumatlandırılması üzrə fəaliyyətimizi daha da gücləndirmək niyyətindəyik və bununla bağlı Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu ilə ilkin razılaşmalar artıq əldə edilmişdir.
Soros Fondunun maliyyə dəstəyi ilə Açıq Cəmiyyət İnstitutu tərəfindən hazırlanmış «Xəzərin neft sərvətləri:kim bəhrələnəcək?» tədqiqatını da qısaca şərh etmək istərdim. Hesab edirəm ki, tədqiqatda maraqlı analitik material çoxdur, burada Azərbaycan və Qazaxıstan hökumətlərinin neft gəlirlərinin idarə edilməsi sahəsində fəaliyyəti təhlil olunur və müəyyən tövsiyələr verilir. Neft Fondlarını yenicə yaratmış Azərbaycanın və Qazaxıstanın təcrübələrinə göstərilən marağı normal hesab edirəm, lakin eyni zamanda bu tədqiqat bir qədər vaxtından əvvəl atılmış addım kimi də qiymətləndirilə bilər. Belə ki, qeyd edilən fondlar hazırda formalaşma mərhələsindədirlər və obyektiv olaraq kəmiyyətin keyfiyyətə transformasiyasının təkamül prosesini yaşayırlar. Çıxışımın əvvəlində etdiyim qeydlərdən də nəticə çıxarmaq olar ki, tədqiqatın müəllifləri tərəfindən verilmiş tövsiyələrin əksəriyyəti bugün artıq aktuallıq kəsb etmir, yəni onlar artıq Azərbaycan hökuməti tərəfindən həyata keçirilmişdir. Tədqiqatda bölgəmizdə geosiyasi durumun qiymətləndirilməsi ilə bağlı bəzi kifayət qədər iddialı şərhlər verilir və dünyanın aparıcı dövlətlərinə yumşaq desək şübhəli tövsiyələr və çağırışlar edilir. Bu şərhləri və tövsiyələri peşəkarlıqdan və obyektivlikdən uzaq sayaraq, hesab edirik ki, layihənin müəllifləri tərəfindən gələcək tədqiqatlarında onların təkrar edilməsi Caspian Revenue Watch proqramının uğur qazanmasına və regiondakı nüfuzuna mənfi təsir göstərəcəkdir. Tədqiqatın tam mətni əlimizə bir neçə gün öncə çatdığından, daha ətraflı şərhləri bir qədər sonra verə bilərik.
Bir məsələ üzərində də dayanmaq istərdim. Mən bir qədər əvvəl qeyd etdim ki, neftlə zəngin ölkələrdə gəlirlərin idarə edilməsi məsələsinə ciddi maraq mövcuddur. Bu zaman, bir qayda olaraq, bu növ gəlirlərin yanlış və səmərəsiz istifadəsi barədə çoxsaylı dəhşətli misallar gətirilir. Və bu tamamilə doğrudur. Lakin, təbii sərvətlərə malik olmamaları səbəbindən avtomatik olaraq kasıb və inkişaf etməmiş ölkələr kateqoriyasına aid edilən dövlətləri də unutmaq düzgün olmazdı. Belə ki, bəzi dırnaqarası kasıb dövlətlər tərəfindən hər il dövlət, dövlətlərarası və beynəlxalq ictimai təşkilatlar səviyyəsində iri həcmli yardımlar qoparılmasına dair misallar var. Qonşu Ermənistan Respublikasının nümunəsi buna əyani sübutdur. Büdcəsinin əlli faizi borclardan və xarici ianələrdən formalaşan bu dövlət Qafqaz regionunda sülhə və sabitliyə qarşı əsas təhlükə mənbəyini təşkil edərək, Azərbaycan Respublikasının ərazisinin 20 %-ni işğal altında saxlayır, işğal edilmiş ərazilərdə heç kim tərəfindən tanınmamış marionet və kriminal rejimi maliyyələşdirir, silahlanmaya böyük vəsaitlər xərcləyir, demək olar ki bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürür. Bununla yanaşı, Ermənistan xaricdən əlavə maliyyə yardımlarının alınmasına və əvvəllər alınmış borcların silinməsinə nail olur. Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, xarici vergi ödəyicilərinin və donorların vəsaitlərinin istifadə edilməsinin səmərəliliyi və şəffaflığı məsələlərinin tədqiqi ilə məşğul olanlar demək olar ki yoxdur. Halbuki, yaxşı yaşayan «kasıb ölkələr» fenomeninin öyrənilməsinə həsr olunmuş tədqiqat, zənnimizcə, son dərəcə maraqlı nəticələr verərdi.
Çıxışımın sonunda konfransın başlığına çıxarılmış «Xəzərin neft sərvətlərindən kim bəhrələnəcək?» sualına cavab vermək istərdim. Hesab edirəm ki, birgə səylərimiz nəticəsində bu sərvətlərdən ilk növbədə Azərbaycan xalqı, onun bugünkü və gələcək nəsilləri bəhrələnməlidir və bəhrələnəcəkdir. Biz qarşımızda duran vəzifələrin tarixi məsuliyyətini dərk edərək və beynəlxalq miqyasda mövcud olan həm mənfi həm də müsbət təcrübəyə əsaslanaraq hesab edirik ki, Azərbaycan Respublikasında bu günədək həyata keçirilmiş tədbirlər ölkənin neft sərvətlərinin səmərəli idarə edilməsi üçün möhkəm və davamlı zəmin yaratmışdır