Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, 2002-ci il ərzində Neft Fondunun gəlirləri 1 trilyon 474 milyard manat, xərcləri isə 434 milyard manat təşkil etmişdir.
2002-ci ildə Dövlət Neft Fondunun Neft Sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 trilyon 93 milyard manat, o cümlədən mənfəət neftinin satışından 976 milyard manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2002-ci il tarixli 739 N--li Fərmanına uyğun olaraq, 2002-ci il ərzində Azərbaycan Respublikasının Milli Bankında saxlanılan 257 milyard manat bonus vəsaitləri Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi çərçivəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin ARDNŞ-in AzBTC Co. törəmə şirkətində olan səhmlərinin ödənilməsi məqsədi ilə Dövlət Neft Fonduna köçürülmüşdür. 2002-ci ildə Neft Fondunun vəsaitinin idarə olunmasından 124 milyard manat, o cümlədən valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsindən 63 milyard manat gəlir əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 N-li, 07 sentyabr 577 N-li və 13 may 2002-ci il tarixli 700 N-li Fərmanlarının və Neft Fondunun 2002-ci il büdcəsinin icrasını təmin etmək məqsədi ilə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi çərçivəsində 2002-ci il ərzində Dövlət Neft Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında 189 milyard manat vəsait istifadə edilmişdir. Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi üçün ödənilmiş vəsait 242 milyard manat təşkil etmişdir. 2002-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 3 milyard manat olmuşdur.
2002-ci ilin əvvəlinə 2 trilyon 347 milyard manat (təqribən 491 milyon ABŞ dolları) təşkil etmiş Neft Fondunun vəsaiti 2003-cü il yanvarın 01-nə 3 trilyon 387 milyard manata (təqribən 692 milyon ABŞ dolları) bərabər olmuşdur.