Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2004-cü il ərzində Neft Fondunun gəlirləri 1614,3 milyard manat, xərcləri 871,2 milyard manat təşkil etmişdir.
2004-cü il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 506,8 milyard manat, o cümlədən mənfəət neftinin satışından 1 294, 8 milyard manat, neftin Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 59,7 milyard manat, bonus ödənişlərindən 106,0 milyard manat, akrhesabı ödənişlərdən isə 43,3 milyard manat təşkil etmişdir. Xarici sərmayəçilər tərəfindən verilmiş aktivlərin satışından əldə edilmiş gəlir isə 3,0 milyard manata bərabər olmuşdur. On iki ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 107,5 milyard manat gəlir əldə edilmişdir.
Hesabat ili ərzində Neft Fondunun 2004-cü il büdcəsinin icrası, habelə vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 75,0 milyard manat Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin, 89,0 milyard manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 650,0 milyard manat isə dövlət büdcəsinə transfer edilmişdir. Ötən il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 3,6 milyard manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri isə 13,2 milyard manat olmuşdur. 2004-cü ildə dövlət büdcəsinə 39,8 milyard manat mənfəət vergisi və 0,6 milyard manat digər vergilər köçürülmüşdür.
2004-cü ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik – hesabat valyutasi üzrə (Azərbaycan manatı) 2,14% , baza valyutasi üzrə (ABŞ dollari) isə 2,57% təşkil etmişdir.
2004-cü il yanvarın 01-nə 4 trilyon 15,0 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuş Fondun vəsaitləri 2004-cü il dekabr ayının 31-nə 4 trilyon 758 milyard manat (təqribən 970,5 mln. ABŞ dolları) təşkil etmişdir.