oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu olmasaydı - Ceyhun Piriyev

22 Jul 2019 14:33:00

Dövlət Neft Fondu olmasaydı - Ceyhun Piriyev

Suveren fondlar dövlətlər tərəfindən yaradılır və müvafiq dövlət təşkilatı tərəfindən müstəqil şəkildə idarə olunur. Belə fondlar gəlirliliyin əldə edilməsi məqsədilə investisiya fəaliyyəti ilə məşğul olur və investisiyalarını əsasən beynəlxalq səviyyədə həyata keçirir.

Suveren fondların əsas gəlir mənbələrini mədən sənayesindən və büdcə profisitindən gəlirlər təşkil edir. Lakin gəlir mənbələri üzrə suveren fondların bölgüsünə baxdıqda istər belə fondların sayında, istərsə də onların cəmi aktivlərindəki payda karbohidrogenlərin satışı geniş yer tutur.

Belə fondlar makroiqtisadi sabitləşmə, yığım və təqaüd ehtiyatı kimi məqsədlərə xidmət edir. Lakin bu heç də o demək deyil ki, bütün suveren fondlar bu 3 məqsədi özündə birləşdirir. Məsələn, Çilinin İqtisadi və Sosial Stabilləşmə Fondu (qeyri-neft) ancaq makroiqtisadi sabitləşmə məqsədi daşıyırsa, Abu-Dabi İnvestisiya Korporasiyası (neft), Çin İnvestisiya Korporasiyası (qeyri-neft), Koreya İnvestisiya Korporasiyası (qeyri-neft), Sinqapurun Dövlət İnvestisiya Korporasiyası (qeyri-neft) yığım, Alyaska Daimi Fondu (neft), Avstraliyanın Gələcək Fondu (qeyri-neft) təqaüd ehtiyatı funksiyasını daşıyır. Küveyt İnvestisiya Fondu bu məqsədlərdən 2-sini- makroiqtisadi sabitləşmə və yığımı fəaliyyətində rəhbər tutur. Dünyada ən böyük aktivlərə malik olan Norveçin Dövlət Təqaüd Fondu (neft) bu məqsədlərin hər birinə xidmət edir. Beləliklə də mənbəyindən asılı olmayaraq adları göstərilən suveren fondların timsalında bir həqiqət də aydın olur ki, bu cür fondların əsas məqsədi yığım olmaqla neft və qeyri-neft mənbələrdən daxil olan vəsaitlərin səmərəli idarə olunaraq gələcək nəsillərə çatdırılmasına nail olmaqdır.

Bu baxımdan suveren fond olan Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) məqsədi Küveyt İnvestisiya Fondu kimi makroiqtisadi sabitləşmə, yığımdır. Bununla da Fondun əsas qayəsini makroiqtisadi sabitliyin qorunması, mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, gəlirlərin nəsillər arasında bərabər bölünməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin yaradılması təşkil edir.

Bu istiqamətdə ARDNF-nin birinci növbədə vəzifəsi ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsidir. Bununla da Neft Fondu dövlət büdcəsinin gəlir mənbələrindən biri olmaqla onun dövlət investisiyalarının da əsas maliyyə mənbələrindən biridir. Bu istiqamətdə ilk növbədə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət proqramlarını xüsusi qeyd etmək lazımdır. Məsələ burasındadır ki, bu proqramlar ölkəyə neft, daha sonra qazın satışından böyük həcmdə gəlirlərin axınından sonra qəbul edilməyə başlayıb və icrası hələ də davam edir.

Eyni zamanda, dövlət büdcəsində hərbi xərclərin qısa müddət ərzində dəfələrlə artırılmasını da Neft Fondunun hesabına yazmaq olar. Bununla belə, dövlət büdcəsinin gəlir mənbələri arasında ARDNF-dən transfert əsas yer tutsa da, son illər bu mənbənin büdcə gəlirlərindəki payı müəyyən qədər azalıb. Məsələn, 2013-cü ilin dövlət büdcəsinin gəlirlərində Neft Fondundan transfertin payı 58,3 faiz olmuşdusa, 2017-ci ildə bu göstərici 36,9 faizədək azalmışdı. Bu il isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin yuxarı həddi 11364,3 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb.

Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunu ilə yeni Büdcə qaydası, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanı ilə Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” təsdiq edilib ki, cari ildən etibarən icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi məhz yuxarıda qeyd edilən normativ sənədlər əsasında müəyyən edilir.

Yeni fiskal qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına, büdcə intizamının möhkəmləndirilməsinə şərait yaradacağı gözlənilir. Bu mənada yeni qaydanı iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların tərkib hissəsi də hesab etmək olar.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin martın 31-nə qədər Neft Fondundan dövlət büdcəsinə 91 milyard 191 milyon manat vəsait transfer edilib. Fonda daxil olan vəsaitə gəlincə, 2001-ci ildən bu ilin birinci rübünün sonuna qədər təkcə Azəri-Çıraqlı-Günəşli yataqları üzrə əldə olunan ümumi gəlirlər 140 milyard 450 milyon ABŞ dolları olub. Fondun gəlir mənbələri arasında bundan başqa, “Şahdəniz” yatağı üzrə təbii qazın satışından gəlirlər, bonus ödənişləri, tranzit və vəsaitlərin idarəedilməsindən əldə edilən gəlirlər mövcuddur.

Göründüyü kimi, Neft Fonduna daxil olan vəsaitin əsas hissəsi dövlət büdcəsinə transfertə yönəldilib. Fondun aktivləri cari ilin birinci rübündə tarixində ilk dəfə olaraq 40 milyard (40 milyard 273,3 milyon) ABŞ dollarını ötməyə müvəffəq olub.

Lakin Fondun missiyası təkcə dövlət büdcə transfertlər olmayıb. Məsələ burasındadır ki, Dövlət Neft Fondunun missiyalarından biri də ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir. Bu məqsədlə, indiyədək bir çox istiqamətlər üçün maliyyələşdirmələr həyata keçirilib. Cari ilin birinci rübünün sonuna qədər ayrılmış vəsaitlərin istiqamətlərinə diqqət yetirdikdə məlum olur ki, Fondun büdcəyə edilən transfertlərindən sonra ən böyük xərcləməsi Mərkəzi Bankla bağlı olub. Bu istiqamət üzrə 3 milyard 949,5 milyon manat vəsait ayrılıb. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması layihəsinə indiyədək 2 milyard 332,4 milyard manat yönəldilib və maliyyələşdirilmə davam edir.

Bundan başqa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin (297,9 milyon manat), Oğuz-Qəbələ-Bakı su kəmərinin (779,6 milyon manat), Bakı-Tbilisi-Qars dəmir yolunun (748,6 milyon manat), Cənub Qaz Dəhlizinin (1 milyard 530,3 milyon manat), STAR neft emalı kompleksinin tikintisi (1 milyard 663,3 milyon manat), Samur-Abşeron suvarma sisteminin yenidən qurulması (1 milyard 469,6 milyon manat), Xaricdə təhsil üzrə Dövlət Proqramının (212,7 milyon manat) və digərlərinin maliyyələşdirilməsi Fond tərəfindən həyata keçirilib. Bu isə onu deməyə imkan verir ki, indiyədək neft və qazın satışından əldə edilən gəlirlər nəinki ölkədaxili, həmçinin region üçün əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsinə sərf edilib. Təkcə onu demək kifayətdir ki, beynəlxalq maliyyə qurumları ermənilərin bədnam fəaliyyəti nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivsizliyini əsas gətirərək onun maliyyələşdirilməsindən imtina etdiyi vaxtda Azərbaycan tərəfi məhz Dövlət Neft Fondu vasitəsi ilə onu reallaşdıra bildi. Cari ildə isə Fond qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması layihəsini maliyyələşdirməyə davam edəcək.

Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə aldıqda Fondun bir missiyası da onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır. Bu məqsədlə Dövlət Neft Fondu ixtiyarında olan vəsaitləri investisiya etməklə həm əlavə gəlir əldə edir, həm də gələcək nəsillərə çatdırılmasını təmin edir.

ARDNF-də investisiya və risklərin idarə olunması “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” (İnvestisiya Qaydaları) və hər il Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə (İnvestisiya siyasəti) əsaslanır. İnvestisiya Qaydaları ARDNF-nin vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir. Belə ki, qeyd olunan İnvestisiya Qaydaları vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə bölgüsünü, investisiya alətləri üzrə məhdudiyyətləri, xarici menecerlərə qarşı olan tələbləri, eləcə də ARDNF-nin tərəf müqabilləri ola biləcək qurumların minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir. İnvestisiya siyasəti isə ARDNF-nin investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi və bir sıra risk hədlərini müəyyən edir.

Hazırda, eyni zamanda, Azərbaycanın strateji valyuta ehtiyatlarının əsas hissəsi bu Fondda cəmlənib. Bu mənada Dövlət Neft Fondu ölkə iqtisadiyyatı üçün bir növ “təhlükəsizlik yastığı” rolunu da oynamaqdadır.

Göründüyü kimi, 20 il əvvəl Azərbaycanda Dövlət Neft Fondu yaradılmamış olsaydı, neft-qaz gəlirlərinin hansı istiqamətdə xərclənəcəyi, onun gələcək nəsillərə çatdırılıb-çatdırılmayacağı sual atında qalardı. Çünki dünyada baş verən hadisələr də onu deməyə əsas verir ki, neft və qaza sahib olmaq, onun satışını həyata keçirmək bir çox hallarda nəinki gələcək, indiki nəsil üçün də faydasız ola bilər. Nəticədə bugünki gündə böyük müharibələrin elə məhz neft və qazla zəngin olan regionları əhatə etməsi belə təbii sərvətlərin bir çox hallarda ölkələrə başağrısı və fəlakət gətirməsinin şahidi olmamaq mümkün deyil. Bu baxımdan suveren fondların xüsusilə də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu böyükdür. Necə ki, ARDNF-nin timsalında bu rol Azərbaycanda aydın şəkildə hiss edilməkdədir.

Yazı “ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.